Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) klub sədrləri, müavin heyəti və idarə heyətinin iştirakı ilə növbəti iclas keçirilmişdir.
İclasın əsas məqsədi qarşıdakı tədris ili üçün nəzərdə tutulan fəaliyyət istiqamətlərinin, sosial və mədəni layihələrin, həmçinin tələbə klublarının təşəbbüsü ilə həyata keçiriləcək tədbirlərin müzakirə olunması olmuşdur.
Toplantı zamanı THİK rəhbərliyi tərəfindən tələbələrin ictimai fəallığının artırılması, könüllülük fəaliyyətlərinin genişləndirilməsi və universitetdaxili sosial mühitin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.
Müzakirələr interaktiv — sual-cavab formatında davam etmiş, klub sədrləri və idarə heyətinin üzvləri öz təklif və ideyalarını səsləndirərək tələbə birliklərinin qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulamışlar.
Sonda THİK sədri Həsən Qurbanlı çıxış edərək iştirakçılara təşəkkürünü bildirmiş, onların gələcək fəaliyyətlərində uğurlar arzulamış və tələbə həmrəyliyinin universitet həyatında mühüm rol oynadığını qeyd etmişdir.
İclas səmərəli fikir mübadiləsi və qarşılıqlı anlayış şəraitində yekunlaşmışdır.