Odlar Yurdu Universitetində bakalavriat səviyyəsində təhsil alan IV kurs tələbələri ilə istehsalat, pedaqoji və diplomqabağı təcrübənin təşkili və həyata keçirilməsi ilə bağlı görüşlər keçirilmişdir. Görüşlərin əsas məqsədi tələbələri qarşıdakı təcrübə mərhələsinə hazırlamaq, onların üzərinə düşən vəzifə və məsuliyyətləri izah etmək, eləcə də təcrübə prosesinin mahiyyəti və qiymətləndirmə meyarları barədə ətraflı məlumat vermək olmuşdur.
Qeyd etmək lazımdır ki, 2025–2026-cı tədris ilində Odlar Yurdu Universitetinin aşağıdakı ixtisasları üzrə tələbələr istehsalat, pedaqoji və diplomqabağı təcrübəyə göndəriləcəklər:
“İqtisadiyyat”, “Maliyyə”, “Mühasibat”, “Biznesin idarəedilməsi”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Marketinq”, “Menecment”, “Turizm işinin təşkili”, “Beynəlxalq münasibətlər”, “Ekologiya”, “Biologiya”, “Dizayn”, “Məktəbəqədər təhsil”, “Sosial iş”, “Təhsildə sosial-psixoloji xidmət”, “Psixologiya”, “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)”, “Tərcümə (ingilis dili üzrə)”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “İnformasiya texnologiyaları” və “Kompüter mühəndisliyi”.
Görüşlər zamanı tələbələrə təcrübənin məqsəd və vəzifələri, qiymətləndirmə meyarları, hesabat qaydaları və etik davranış prinsipləri ilə bağlı maarifləndirici məlumatlar verilmişdir. Həmçinin qeyd olunmuşdur ki, təcrübə prosesi tələbələrin gələcək peşə fəaliyyətində mühüm rol oynayır və nəzəri biliklərin praktik tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.