 
                         
                         
                                Odlar Yurdu Universiteti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsinin qaliblərinin təltifolunma mərasimi keçirilmişdir. Layihə çərçivəsində Odlar Yurdu Universitetinin 10 istedadlı və nümunəvi tələbəsi xüsusi diplom və hədiyyələrlə təltif olunmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetinin professor-müəllim heyəti, tələbələri və AzEdu.az Təhsil Portalının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən OYU-nun Tədris işləri üzrə prorektoru, dos. Qabil Qafarov universitetin uğurlu təhsil strategiyasından danışaraq qeyd etmişdir ki, Odlar Yurdu Universiteti bu gün ölkəmizin ən dinamik inkişaf edən ali təhsil müəssisələrindən biridir. O, vurğulamışdır ki, universitet rəhbərliyi tələbələrin bilik, bacarıq və yaradıcılıq potensialının inkişafına hər zaman xüsusi önəm vermişdir.
Dos. Qabil Qafarov həmçinin “Brend tələbə” layihəsində fərqlənən gəncləri təbrik etmiş, onların universitetin nüfuzunun yüksəldilməsində mühüm rol oynadığını bildirmişdir. O, tələbələrin elmi, sosial və ictimai fəaliyyətlərdə fəallığını yüksək qiymətləndirmiş, bu uğurların Odlar Yurdu Universitetində formalaşan sağlam akademik mühitin nəticəsi olduğunu qeyd etmişdir.
Tədbir sonda qaliblərin diplomlarla təltif olunması və iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.
Odlar Yurdu Universiteti gələcəkdə də gənclərin bilik və bacarıqlarının inkişafına, onların ölkəmizin tərəqqisinə töhfə verən mütəxəssislər kimi yetişdirilməsinə yönəlmiş layihələri dəstəkləməyə davam edəcəkdir.