OYU-da “İdman psixologiyası: Bugünü və sabahı” mövzusunda tədbir keçirilmişdir

31 Oktyabr, 2025

OYU-da “İdman psixologiyası: Bugünü və sabahı” mövzusunda tədbir keçirilmişdir

Odlar Yurdu Universitetində, Azərbaycan Karate Federasiyası ilə birgə təşkilatçılığı ilə “İdman psixologiyası: Bugünü və sabahı” adlı elmi-praktik tədbir keçirilmişdir. Tədbir idman psixologiyasının müasir vəziyyəti, onun inkişaf perspektivləri və gənclərin idmanda psixoloji dayanıqlığının gücləndirilməsi məsələlərinə həsr olunmuşdur.
Tədbirin açılışında Odlar Yurdu Universiteti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış etmişdir. O, gənclərin intellektual, sosial və mənəvi inkişafının əhəmiyyətindən danışaraq vurğulamışdır ki, idman və psixologiyanın vəhdəti sağlam, məqsədyönlü və yüksək əxlaqlı nəsil formalaşdırmaqda mühüm rol oynayır. Professor Samir Vəliyev bu kimi tədbirlərin tələbələr üçün bilik, motivasiya və həyat təcrübəsi baxımından əvəzsiz əhəmiyyət daşıdığını qeyd etmişdir.
Daha sonra Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti, Avropa və dünya çempionu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar məşqçi” fəxri adlarına layiq görülmüş tanınmış idmançı Ülvi Quliyev çıxış etmişdir. O, idmanda psixoloji hazırlığın və mübarizə ruhunun əhəmiyyətini vurğulayaraq, düzgün düşüncə tərzinin və emosional sabitliyin uğurun əsas açarlarından olduğunu qeyd etmişdir.
Tədbirdə həmçinin Odlar Yurdu Universitetinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının məzunu, hazırda Azərbaycan Karate Federasiyasında idman psixoloqu kimi fəaliyyət göstərən Gülbəniz Məmmədli çıxış edərək, idman psixologiyasının beynəlxalq təcrübələri, idmançılarda psixoloji hazırlığın mərhələləri və bu istiqamətdə yeni yanaşmalar barədə məlumat vermişdir.
Məruzələrdə tanınmış idmançılar —
İlham Zəkiyev (ikiqat Paralimpiya və ikiqat dünya çempionu, beşqat Avropa çempionu),
İmaməddin Xəlilov (Paris-2024 Paralimpiya çempionu, dünya reytinqinin lideri, para-taekvondo üzrə dünya çempionu),
Kifayət Qasımova (2009-cu il dünya çempionatının bürünc mükafatçısı, çoxqat Avropa medalçısı) və
Taleh Məmmədov (yunan-roma güləşi üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Prezident mükafatçısı) iştirak etmişlər.
İdmançılar çıxışlarında gənclərə şəxsi təcrübələrindən nümunələr gətirərək iradə, motivasiya və məqsədyönlülüyün uğurun təməl prinsipləri olduğunu qeyd etmiş, tələbələri mübarizə, əzm və özünəinam ruhunda yetişməyə səsləmişlər.
Belə tədbirlərin keçirilməsi tələbələrin elmi dünyagörüşünün, sosial bacarıqlarının və mənəvi zənginliyinin inkişafına xidmət edir.
Odlar Yurdu Universiteti bu kimi layihələr vasitəsilə gənclərin sağlam düşüncəyə, güclü iradəyə və yüksək mənəvi dəyərlərə malik fərdlər kimi formalaşmasını daim dəstəkləyir.
Tədbir xatirə fotosu ilə yekunlaşmışdır.