Odlar Yurdu Universiteti ilə “Coders Azerbaijan” arasında informasiya texnologiyaları, rəqəmsal bacarıqların inkişafı və tələbələrin karyera hazırlığı sahəsində əməkdaşlıq Memorandumu imzalanmışdır. Sənəd universitet tərəfindən rektor adından, İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev, “Coders Azerbaijan” tərəfindən isə şirkət rəhbəri Seymur Həmidov tərəfindən təsdiqlənmişdir.
İlk rəsmi görüş zamanı əməkdaşlığın əsas istiqamətləri, tələbələrin texnoloji sahələr üzrə praktiki bacarıqlarının artırılması və startap ekosisteminə inteqrasiyanın genişləndirilməsi müzakirə olunmuşdur. Görüşdə həmçinin Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə və Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü iştirak etmişdir.
Memorandum çərçivəsində tələbələr üçün təcrübə və karyera proqramları, İT və rəqəmsal bacarıqlar üzrə təlimlər, startap təşəbbüslərinin dəstəklənməsi və birgə seminarların təşkili nəzərdə tutulmuşdur. Tərəflər qeyd etmişdir ki, bu əməkdaşlıq gələcək layihələr üçün möhkəm baza yaradacaq və tələbələrin texnoloji sahədə inkişafına geniş imkanlar açacaqdır.
Odlar Yurdu Universiteti tələbələrinə nəzəri biliklərlə yanaşı praktik bacarıqlar qazandıran, onları innovasiya və startap yönümlü layihələrdə iştirak etdirməyə şərait yaradan və gələcək karyeralarında uğur qazanması üçün əsas təməl rolunu oynayan ali təhsil müəssisəsidir.