Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının növbəti elmi-metodiki seminarı keçirilmişdir. Seminarda Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev və universitetimizin professor-müəllim heyəti iştirak etmişdir.
Seminar çərçivəsində kafedranın müəllimi Aslan Əzimzadə “Dinamik Ən Kiçik Kvadratlar metodundan istifadə etməklə neft-qaz hasilatında investisiya-məhsul proporsiyasının tədqiqi: Azərbaycan nümunəsində” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə zamanı Aslan Əzimzadə neft-qaz sektorunda investisiya qoyuluşları ilə hasilat arasındakı qarşılıqlı asılılığın müəyyənləşdirilməsi, dinamik modelləşdirmə metodlarının tətbiqi və iqtisadi göstəricilərin elmi əsaslarla təhlili istiqamətində apardığı araşdırmaların nəticələrini iştirakçıların diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, Dinamik ən kiçik kvadratlar metodunun tətbiqi investisiya-məhsul proporsiyasının daha dəqiq qiymətləndirilməsinə və sektor üzrə trendlərin elmi şəkildə proqnozlaşdırılmasına imkan yaratmışdır.
Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, təqdim edilən nəticələrin iqtisadi tədqiqatlar üçün əhəmiyyəti müzakirə edilmişdir.