Odlar Yurdu Universitetində Fərhad Pərvizinin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir

01 Dekabr, 2025

Odlar Yurdu Universitetində Fərhad Pərvizinin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir

Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələr üçün biznes-konsultasiya və maliyyə savadlılığı istiqamətində növbəti maarifləndirici görüş təşkil olunmuşdur. Tədbirin fəxri qonağı qismində şəxsi maliyyə və investisiya sahəsində peşəkar fəaliyyəti ilə seçilən, maliyyə-iqtisadi maarifləndirmə üzrə tanınmış ekspert və ictimai fəal Fərhad Pərvizi iştirak etmişdir.
Tədbir fakültə dekanı, professor Əli Əlirzayevin giriş nitqi ilə açıq elan edilmişdir. Professor Əli Əlirzayev öz çıxışında görüşün əsas qayəsinin tələbələrin şəxsi maliyyə davranışlarının düzgün formalaşdırılması, büdcə planlaşdırması, maliyyə təhlükəsizliyi və investisiya mədəniyyəti kimi fundamental istiqamətlər üzrə praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi olduğunu nəzərə çatdırmışdır.
Daha sonra söz alan qonaq Fərhad Pərvizinin mövzu ətrafında məzmunlu məruzəsi dinlənilmişdir. Ekspertin real iqtisadi situasiyalara və təcrübəyə əsaslanan praktiki izahları auditoriyanın böyük elmi və tətbiqi marağına səbəb olmuşdur. Mütəxəssis tərəfindən tələbələri düşündürən sualların ətraflı cavablandırılması tədbirin interaktivliyini təmin etmiş, müasir iqtisadi mühitdə maliyyə savadlılığının gənclər üçün strateji əhəmiyyət daşıdığı bir daha nümayiş etdirilmişdir.
Fakültənin dekan müavini, dosent Babək Feyzullayev yekun çıxışında bu xarakterli tədbirlərin tələbələrin çoxşaxəli kadr kimi formalaşmasına, onların praktik yönümlü kompetensiyalarının inkişafına, eləcə də tədris prosesinin auditoriyadan kənar tətbiqi komponentlərlə zənginləşdirilməsinə mühüm töhfə verdiyini xüsusi vurğulamışdır.
Keçirilən tədbir, Odlar Yurdu Universitetinin təhsilalanların elmi-intellektual inkişafı, iqtisadi dünyagörüşünün artırılması və peşəkar vərdişlərinin formalaşdırılmasına yönəlmiş tədris-maarifləndirmə strategiyasının uğurlu tərkib hissəsi kimi dəyərləndirilmişdir.