Odlar Yurdu Universitetinin Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının koordinatoru Ramin Kazımov və kafedranın müəllimi Gülnar Abdulmanafova Microsoft-un PL-300: Power BI Data Analyst beynəlxalq sertifikatını uğurla əldə etmişlər
Bu mühüm uğur Odlar Yurdu Universitetinin rəqəmsal təhsilin inkişafına, müasir analitik alətlərin tədris prosesinə inteqrasiyasına və innovativ akademik mühitin gücləndirilməsinə atdığı ardıcıl addımların daha bir göstəricisi olmuşdur. Sertifikatın əldə edilməsi müəllimlərimizin məlumat analitikası, data vizuallaşdırma və Power BI üzrə yüksək peşəkar hazırlığını beynəlxalq səviyyədə təsdiqləmişdir.
Eyni zamanda bu nailiyyət Odlar Yurdu Universitetində tələbələrə müasir data analitika bacarıqlarının daha effektiv şəkildə öyrədilməsinə, tədrisin keyfiyyətinin artırılmasına və rəqəmsal kompetensiyaların gücləndirilməsinə mühüm töhfə vermişdir.
Odlar Yurdu Universiteti adından hər iki müəllimimizi bu uğurları münasibətilə təbrik edir, gələcək elmi-pedaqoji fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq. Universitetimiz müəllimlərin peşəkar inkişafını dəstəkləməkdə hər zaman qərarlı olmuşdur.