OYU-da “Sorğuların təşkili” mövzusunda növbəti təlim sessiyası keçirilmişdir

22 Dekabr, 2025

OYU-da “Sorğuların təşkili” mövzusunda növbəti təlim sessiyası keçirilmişdir

Odlar Yurdu Universiteti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında imzalanmış Əməkdaşlıq Memorandumunun icrası çərçivəsində növbəti təlim sessiyası uğurla təşkil olunmuşdur.
Strateji inkişaf və karyera departamentinin təşkilatçılığı ilə baş tutmuş tədbirin açılışını departament rəhbəri Aslan Əzimzadə edərək, sorğuların təhsil keyfiyyətinin artırılması, qərarvermə proseslərinin elmi əsaslarla qurulması və akademik mühitdə davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Təlim sessiyasi Milli Observatoriyanın departament müdirinin müavini cənab Əli Tağızadə tərəfindən “Sorğuların təşkili” mövzusunda aparılmışdır. Sessiya zamanı sorğuların planlaşdırılması, metodoloji yanaşmalar, məlumatların toplanması və təhlili, eləcə də əldə olunan nəticələrin praktiki tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilmişdir.
Universitetin fakültə dekanları, kafedra müdirləri, departament və şöbə rəhbərlərinin iştirak etdikləri tədbir interaktiv formatda keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzuya dair praktiki nümunələr təqdim olunmuşdur.
Qeyd edək ki, keçirilən təlim Odlar Yurdu Universitetində elmi-tədqiqat mədəniyyətinin gücləndirilməsi, təhsil prosesinin keyfiyyətinin artırılması və əmək bazarının tələblərinə uyğun analitik yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.