OYU-da Dizayn ixtisası tələbələrinin əl işləri ilə dolu möhtəşəm Yeni il ab-havası

30 Dekabr, 2025

OYU-da Dizayn ixtisası tələbələrinin əl işləri ilə dolu möhtəşəm Yeni il ab-havası

Yeni ilin gəlişi ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Odlar Yurdu Universitetində də xüsusi bayram ab-havası hökm sürmüşdür. Bu günlərdə universitetin dəhlizləri yalnız elm və təhsil ocağı deyil, həm də rəngarəng sənət qalereyasını xatırlatmışdır.
Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin Dizayn ixtisasında təhsil alan tələbələri, qarşıdan gələn Yeni il münasibətilə hazırladıqları möhtəşəm əl işlərindən ibarət sərgini nümayiş etdirmişlər. Sərgidə qışın sehrini, bayramın istiliyini və gənclərin bitməyən xəyal gücünü əks etdirən müxtəlif kompozisiyalar yer almışdır.
Sərginin ən diqqətçəkən və ziyarətçilər tərəfindən maraqla qarşılanan eksponatı isə şübhəsiz ki, Odlar Yurdu Universitetinin binasının maketi olmuşdur. Tələbələrin xüsusi dəqiqlik və zərgər incəliyi ilə hazırladıqları bu maket, universitetin memarlıq üslubunu Yeni il bəzəkləri ilə birləşdirərək hər kəsdə heyranlıq doğurmuşdur.
Təqdim olunan əsərlər təkcə tələbələrin yaradıcılıq qabiliyyətini deyil, həm də onların əzmkarlığını nümayiş etdirmişdir. Əlbəttə ki, bu uğurlu işlərin arxasında tələbələrin gərgin əməyi ilə yanaşı, Odlar Yurdu Universitetinin peşəkar professor-müəllim heyətinin də böyük rolu olmuşdur. Müəllimlərin tələbələrə aşıladığı estetik zövq və texniki biliklər, bu cür yüksək səviyyəli sənət nümunələrinin ərsəyə gəlməsinə zəmin yaratmışdır.
Yaradıcı gəncliyin inkişafına daim dəstək olan Odlar Yurdu Universiteti, bu sərgi ilə bir daha özünün təkcə tədris deyil, həm də sənət mərkəzi olduğunu sübut etmişdir. Tələbələrin əl işləri ilə canlanan universitet, yeni ilə yüksək əhval-ruhiyyə və böyük ümidlərlə qədəm qoymuşdur.