Bu gün Milli Məclisin plenar iclasında “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı Odlar Yurdu Universiteti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxış edib.
Samir Vəliyev çıxışında bildirib ki, birinci oxunuşda baxılması üçün Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsinin strukturu və məzmunu mövcud şəraitdə formalaşmaqda olan çağırışlara tam şəkildə uyğundur. O qeyd edib ki, qanun layihəsinin hazırlanması bir sıra mühüm amillərlə bağlıdır. Deputat vurğulayıb ki, beynəlxalq termin olan “lizinq” sözü dilimizdə olduğu kimi istifadə olunsa da, təqdim olunan qanun layihəsində onun “maliyyə icarəsi” kimi ifadə edilməsi daha düzgün və məqsədəuyğundur. Onun sözlərinə görə, yeni qanunun qəbul edilməsi maliyyə icarəsi sahəsində vahid yanaşmanın təmininə, terminlərin eyniləşdirilməsinə və bu fəaliyyətin hüquqi mahiyyətinin daha aydın şəkildə qəbul olunmasına xidmət edəcək:
"Onu da qeyd etmək lazımdır ki, bu xidmətin alıcıları tərəfindən “lizinq” adı ilə təqdim edilən mexanizmin icarə münasibətindən daha çox kredit münasibəti kimi qəbul olunması barədə müəyyən rəy formalaşmışdır. Bu sahədə hüquqi müəyyənliyin yaradılması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarının xüsusi əhəmiyyətə malik olduğunu vurğulamaq vacibdir. Fikrimcə, hazırkı müzakirə kontekstində bir daha qeyd edilməlidir ki, beynəlxalq təcrübədə icarə prosesinin iki növü fərqləndirilir: əməliyyat icarəsi və maliyyə icarəsi. Hazırda maliyyə icarəsi pul və əmtəə dövriyyəsinin genişləndirilməsində, iqtisadi aktivliyin artırılmasında, hüquqi və fiziki şəxslərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Zənnimcə, müasir iqtisadiyyatda bu mexanizm maliyyə icarəsinə çıxış imkanları əldə edən subyektlərin ehtiyac və tələblərinin ödənilməsinə güclü müsbət impuls verir".
Deputatın fikrincə, bu sahədə tənzimləmələrin təkmilləşdirilməsi, iştirakçı tərəflərin məsuliyyətinin artırılması, effektiv nəzarət və koordinasiya mexanizmlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, maliyyə icarəsi münasibətlərinin düzgün qurulması ölkədə iqtisadi göstəricilərin formalaşmasına və işgüzar fəallığın stimullaşdırılmasına müsbət təsir göstərəcək:
"Bütövlükdə, maliyyə icarəsi mexanizminin inkişafı ölkəmizdə makro və mikro müstəvidə iqtisadi göstəricilərin formalaşmasına və işgüzar fəallığın stimullaşdırılmasına müsbət təsir göstərəcəkdir. Maliyyə icarəsi ilə bağlı aktual çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması, hesab edirəm ki, iqtisadiyyatımızın həm maliyyə, həm də real sektorunda səmərəliliyin artırılmasına, eyni zamanda çevikliyin və operativliyin yüksəldilməsinə xidmət edəcəkdir. Eyni zamanda, əminəm ki, maliyyə icarəsi mexanizminin effektivliyinin artırılması respublika iqtisadiyyatında investisiya axınlarının genişlənməsinə, eləcə də innovativ sahələrin inkişafına dəstək olacaqdır".
Qeyd olunanları nəzərə alaraq, qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27