23–24 dekabr 2025-ci il tarixlərində Bakı Dövlət Universiteti-nin Geologiya, Coğrafiya, Ekologiya və Torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı, eləcə də İstanbul Texniki Universiteti və Konya Texniki Universiteti-nin tərəfdaşlığı ilə “Davamlı Gələcək: Yer Elmləri və Ekologiyanın İnteqrasiya Edilmiş İnkişafı (SFIDEES-2025)” mövzusunda I Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
Konfransın təşkilində həmçinin Gürcüstan Texniki Universitetinin Su Təsərrüfatı İnstitutu, Koçaeli Universiteti, Çanaqqala Onsekiz Mart Universiteti, Banat Kənd Təsərrüfatı Elmləri və Baytarlıq Universiteti və Əl-Farabi adına Qazaxıstan Milli Universiteti kimi nüfuzlu ali təhsil müəssisələri iştirak etmişdir. SFIDEES-2025 konfransı müxtəlif elmi istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, açıq elmi müzakirələrin təşkili və beynəlxalq təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm platforma olmuşdur. Tədbir çərçivəsində Yer Elmləri və Ekologiya sahələrinin inteqrasiyası, innovativ yanaşmaların tətbiqi, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və qlobal əhəmiyyətli nəzəri-praktiki nəticələrin müzakirəsi əsas prioritetlər kimi müəyyən edilmişdir.
Konfransda Odlar Yurdu Universiteti-nin magistr və bakalavr tələbələri də fəal iştirak etmişlər. Magistr pilləsi üzrə Mirtalib Məmmədli (Mikrobiologiya ixtisası), Abiyeva Şəfa və Günel Həmidova (Ətraf mühitin mühafizə metodları ixtisası), eləcə də Nuray Ağazadə müxtəlif mövzularda elmi çıxışlar etmişdir. Bakalavr səviyyəsində Biologiya ixtisası üzrə Həsən Qurbanlı və Ekologiya ixtisası üzrə Aytac Əliyeva da elmi məqalələrlə çıxış etmişlər. Tələbələrin elmi fəaliyyətinə rəhbərlik Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının dosenti, a.ü.f.d Tamilla Kərimova tərəfindən həyata keçirilmişdir.
Qeyd olunan iştirak Odlar Yurdu Universiteti tələbələrinin beynəlxalq elmi mühitdə aktivliyini, onların elmi-tədqiqat potensialını və qlobal elmi əməkdaşlığa inteqrasiya imkanlarını bir daha nümayiş etdirmişdir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27