OYU-da 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başlamışdır

05 Yanvar, 2026

OYU-da 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başlamışdır

Odlar Yurdu Universitetində ali təhsilin dövlət standartlarına və təsdiq olunmuş akademik təqvimə müvafiq olaraq, 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilmişdir. Tədris prosesinin keyfiyyətinin təminatı sisteminin mühüm tərkib hissəsi olan imtahan sessiyası, universitet rəhbərliyi tərəfindən müəyyən edilmiş təlimatlara uyğun şəkildə mütəşəkkil qaydada təşkil edilmişdir.
İmtahan prosesinin gedişatında akademik dürüstlük, obyektivlik və şəffaflıq prinsiplərinin qorunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Tələbələrin semestr ərzində mənimsədikləri nəzəri və praktiki biliklərin ədalətli meyarlar əsasında qiymətləndirilməsi məqsədilə auditoriyalarda zəruri akademik mühit formalaşdırılmış, imtahanların mövcud normativlərə tam uyğun keçirilməsi təmin edilmişdir.
Universitet rəhbərliyi və professor-müəllim heyəti imtahan sessiyasında iştirak edən bütün tələbələrə müvəffəqiyyətlər arzulayır, bu sınaqdan əldə olunacaq nəticələrin onların yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasında mühüm mərhələ olacağına əminliyini ifadə edir.