Odlar Yurdu Universiteti ilə SABAH Academy arasında strateji əməkdaşlıq görüşü keçirilmişdir

30 Dekabr, 2025

Odlar Yurdu Universiteti ilə SABAH Academy arasında strateji əməkdaşlıq görüşü keçirilmişdir

Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzi ilə SABAH Academy arasında qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunmuş rəsmi görüş baş tutmuşdur.
Keçirilən görüşdə Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin rəhbəri Rəvanə Göyüşlü, Strateji inkişaf və karyera departamentinin müdiri Aslan Əzimzadə və SABAH Academy-nin rəhbəri Əminə Məlikova iştirak etmişlər.
Görüş zamanı Odlar Yurdu Universiteti ilə SABAH Academy arasında innovasiya və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi, gənclərin startap bacarıqlarının gücləndirilməsi, təlim və mentorluq proqramlarının birgə təşkili, eləcə də real biznes yönümlü layihələrin dəstəklənməsi istiqamətində mümkün əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Tərəflər tələbə və gənc mütəxəssislər üçün praktiki yönümlü təlimlər, inkubasiya və akselerasiya proqramları, hakatonlar və birgə layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi olaraq vurğulamışlar. Müzakirələr çərçivəsində Odlar Yurdu Universiteti ilə gələcəkdə uzunmüddətli və davamlı əməkdaşlıq formatlarının qurulması ilə bağlı ilkin razılaşmalar əldə olunmuşdur.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzi innovativ düşüncəli gənclərin inkişafını dəstəkləmək, universitet–sənaye əməkdaşlığını gücləndirmək və ölkənin startap ekosisteminin inkişafına töhfə vermək məqsədilə strateji tərəfdaşlıqlara xüsusi önəm verməkdədir. SABAH Academy rəhbərliyi ilə keçirilən bu görüş də sözügedən istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirilmişdir.