Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamentinin rəhbəri və “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının baş müəllimi Aslan Əzimzadənin həmmüəllifi olduğu “Shifting Power Dynamics in International Relations: From Unipolar Hegemony to Multipolarity” adlı kitab nüfuzlu IGI Global beynəlxalq nəşriyyatı tərəfindən işıq üzü görüb. Kitab beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişiklikləri – təkqütblü hegemoniyadan çoxqütblü dünya nizamına keçidi elmi-nəzəri və praktik aspektlərdən dərindən təhlil edir.
Aslan Əzimzadə kitabda “The Impact of Unipolar Hegemony on Foreign Exchange Reserves: A Macroeconomic Proportional Analysis” adlı bölmənin müəllifidir. Bu fəsildə təkqütblü hegemoniyanın ölkələrin valyuta ehtiyatlarının formalaşmasına təsiri makroiqtisadi proporsionallıq yanaşması əsasında araşdırılır və qlobal maliyyə balansındakı struktur dəyişiklikləri elmi əsaslarla izah olunur.
Qeyd etmək lazımdır ki, IGI Global nəşriyyatının kitabları Scopus elmmetrik bazasında indekslənir ki, bu da nəşrin beynəlxalq elmi mühitdə yüksək tanınma və istinad potensialına malik olduğunu göstərir.
Bu kimi beynəlxalq uğurlar Odlar Yurdu Universitetinin zəngin akademik potensialının göstəricisidir və ali təhsil ocağının qlobal elmi məkanda ölkəmizi layiqincə təmsil edən aparıcı tədqiqat mərkəzi olduğunu bir daha sübut edir.