OYU-da 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

20 Yanvar, 2026

OYU-da 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

Odlar Yurdu Universitetində 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş “Unudulmayan tariximizin sağalmaz izləri” adlı konfrans təşkil edilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfrans çərçivəsində 20 Yanvar hadisələrinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilmiş, həmin dövrdə baş verən faciəli hadisələrin tarixi, siyasi və mənəvi əhəmiyyəti bir daha diqqətə çatdırılmışdır.
Daha sonra mövzu ilə bağlı fikirlərini bölüşmək üçün söz Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Samir Vəliyevə verilmişdir. O, çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq iradəsinin təcəssümü olduğunu vurğulamış, bu qanlı hadisənin milli birliyimizin möhkəmlənməsində və müstəqil dövlətçilik yolunda həlledici mərhələ kimi tarixə həkk olunduğunu qeyd etmişdir. Professor Samir Vəliyev həmçinin Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi qətiyyətli və prinsipial mövqedən, eləcə də bu faciəyə verilən siyasi-hüquqi qiymətin tarixi əhəmiyyətindən bəhs etmişdir.
Konfrans Odlar Yurdu Universitetinin tələbələrinin mövzu üzrə çıxışları ilə davam etmişdir. Tələbələr öz məruzələrində 20 Yanvar hadisələrinin müxtəlif aspektlərini işıqlandırmış, bu faciənin gənc nəslin milli şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulamışlar.
Odlar Yurdu Universiteti tərəfindən təşkil edilən bu konfrans 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmək, milli yaddaşımızı qorumaq və bu şanlı, eyni zamanda faciəli tariximizi gənc nəslə çatdırmaq məqsədi daşıyır. Bu cür tədbirlər gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətçilik dəyərlərinə sədaqətin aşılanması və tariximizə hörmət hissinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.