Odlar Yurdu Universitetinin (OYU) "İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi" kafedrasında professor-müəllim heyəti və aidiyyəti struktur bölmələrin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilmişdir.
İclasda kafedranın fəaliyyət istiqamətləri, tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat işlərinin səmərəliliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunmuşdur.
Gündəlikdə duran ilk məsələ qış semestrində tədris yüklərinin yerinə yetirilməsi vəziyyəti ilə bağlı olmuşdur. Mövzu ətrafında OYU-nun Elmi işlər və keyfiyyət təminatı üzrə prorektoru, həmçinin kafedra müdiri vəzifəsini icra edən professor Fəxrəddin Məmmədov və "Təbiət və texnologiya" fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova çıxış etmişlər. Natiqlər tədris prosesinin gedişatını geniş təhlil etmiş, mövcud vəziyyəti qiymətləndirmiş və qarşıya çıxan məsələlərin həlli yollarını müzakirə etmişlər.
Daha sonra ixtisas (istehsalat) təcrübəsinin təşkili və gedişatı barədə OYU-nun Strateji inkişaf və karyera departamentinin rəhbəri, kafedra müdirinin köməkçisi vəzifəsini icra edən Aslan Əzimzadə məlumat vermişdir. O, tələbələrin real istehsalat mühitində praktiki bilik və bacarıqlar qazanmasının əhəmiyyətini vurğulamış, bu istiqamətdə görülən işləri diqqətə çatdırmışdır.
İclasda həmçinin 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasının gedişatı müzakirə olunmuşdur. Aslan Əzimzadə imtahanların təşkili, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iclas iştirakçılarını məlumatlandırmışdır.
Gündəliyin növbəti mühüm məsələsi kafedra əməkdaşlarının elmi fəaliyyəti – elmi nəşrlər, seminarlar və açıq dərslərin təşkili ilə bağlı olmuşdur. Professor Fəxrəddin Məmmədov çıxış edərək, professor-müəllim heyətinin elmi fəallığının artırılmasının, beynəlxalq və yerli nüfuzlu jurnallarda məqalələrin dərc edilməsinin vacibliyini qeyd etmişdir.
Sonda tədris proqramlarının (sillabusların) müasir standartlara uyğunlaşdırılması məsələsinə baxılmışdır. İclasda müasir əmək bazarının tələbləri nəzərə alınaraq proqramların yenilənməsi, rəqəmsal texnologiyalar sahəsində yeni fənlərin və modulların tədris planına əlavə edilməsinin prioritet istiqamət olduğu vurğulanmışdır.
Yekunda iclas iştirakçıları qəbul edilmiş qərarların tədrisin keyfiyyətinin yüksəldilməsinə və tələbələrin peşəkar kadr kimi formalaşmasına mühüm töhfə verəcəyini bildirmişlər.