Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının növbəti iclası baş tutmuşdur. İclasda kafedranın professor-müəllim heyəti, müvafiq departament rəhbərləri və doktorantlar iştirak etmişlər.
İclası giriş sözü ilə açan kafedra müdiri, i.e.d., professor Elşad Məmmədov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır. İclasın gündəliyinə uyğun olaraq, əvvəl qış semestrində tədris yüklərinin yerinə yetirilməsi vəziyyəti müzakirə olunmuşdur. Bu barədə professor Elşad Məmmədov ətraflı məlumat vermiş, mövcud vəziyyəti təhlil etmişdir.
Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Babək Feyzullayev 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasının gedişatı barədə məlumatı təhlil etmiş, imtahanların şəffaf və obyektiv keçirilməsi istiqamətində görülən işləri müzakirə etmişdir.
İclasda həmçinin tələbələrin ixtisas (istehsalat) təcrübəsinin təşkili məsələsinə xüsusi diqqət ayrılmışdır. Mövzu ətrafında kafedra müdirinin müavini, dosent Natiq Qarayev və Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə çıxış edərək, təcrübə proqramlarının səmərəliliyinin artırılması yollarını müzakirə etmişlər.
Gündəliyin növbəti məsələsi kafedra əməkdaşlarının elmi fəaliyyəti ilə bağlı olmuşdur. Professor Elşad Məmmədov əməkdaşların elmi nəşrlərinin hazırlanması, beynəlxalq bazalara daxil olan jurnallarda məqalələrin dərci və elmi-tədqiqat işlərinin intensivləşdirilməsi barədə tövsiyələrini vermişdir.
Sonra Odlar Yurdu Universitetinin doktorantı Məmmədov Samir Söhrab oğlunun 5308.01 – "Ümumi iqtisadiyyat" ixtisası üzrə "Alternativ enerji mənbələrinin tətbiqinin iqtisadi stimullaşdırılmasının əsas istiqamətləri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Doktorantın çıxışı dinlənilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, müvafiq rəylər bildirilmiş, dissertasiyanın növbəti mərhələyə buraxılması barədə qərar qəbul edilmişdir.