Odlar Yurdu Universitetində (OYU) Elmi-Metodiki Şuranın növbəti iclası baş tutmuşdur. İclası giriş sözü ilə açan universitetin Elmi işlər və keyfiyyət təminatı üzrə prorektoru, professor Fəxrəddin Məmmədov şura üzvlərini salamlamış və gündəlikdə duran aktual məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
İclasda ilk olaraq universitetin elmi-pedaqoji heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması məsələsi müzakirə olunmuşdur. Professor Fəxrəddin Məmmədov və kafedra müdirlərinin iştirakı ilə Akademik Performans Qiymətləndirmə Sistemində (APQS) əldə edilmiş nəticələr ətraflı təhlil edilmişdir. Prorektor, tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi fəaliyyətin stimullaşdırılması baxımından bu qiymətləndirmənin əhəmiyyətini xüsusi vurğulamışdır.
Daha sonra gündəliyin ikinci məsələsi üzrə müzakirələr aparılmışdır. “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının elmi potensialının gücləndirilməsi məqsədilə, kafedranın əyani doktorantları üçün dissertasiya mövzularının müasir dövrün çağırışlarına uyğun təyin edilməsi və ixtisaslı elmi rəhbərlərin təsdiqlənməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.
İclasın davamında professor Fəxrəddin Məmmədov universitetin elmi nəşr fəaliyyətinin genişləndirilməsi məsələsinə toxunmuşdur. Universitetdə yeni elmi jurnalların təsis olunması və hazırlanması barədə geniş fikir mübadiləsi aparılmış, bu istiqamətdə görüləcək işlərin strateji əhəmiyyəti qeyd edilmişdir.
Sonda tədris və elmi fəaliyyətlə bağlı bir sıra cari məsələlərə baxılmış və iclas öz işini yekunlaşdırmışdır.