OYU-da oyun yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur

23 Yanvar, 2026

OYU-da oyun yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur
Oyun yaradılması (game development) sahəsinin inkişafı və bu istiqamətdə mümkün əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə Odlar Yurdu Universiteti, Xsolla Baku şirkəti və İRİA – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında rəsmi görüş keçirilmişdir.
Görüşdə Odlar Yurdu Universiteti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev, Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov, Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə, Rəqəmsal transformasiya və innovasiyalar mərkəzinin direktoru Amil Vəliyev, Startap və inkubasiya mərkəzinin rəhbəri Rəvanə Göyüşlü, Xsolla Baku şirkətinin idarəedici direktoru, Dr. Fuad Kərimov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin aparıcı layihə meneceri Nikita Yudin iştirak etmişdir.
Görüş zamanı oyun yaradılması sahəsinin mövcud vəziyyəti və qlobal inkişaf trendləri, eləcə də universitet–sənaye–dövlət əməkdaşlığı çərçivəsində bu sahədə həyata keçirilə biləcək təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Müzakirələrdə oyun sənayesinin rəqəmsal texnologiyalar, kreativ sənaye və innovasiya ekosistemi baxımından strateji əhəmiyyəti vurğulanmış, oyun yönümlü təşəbbüslərin, startapların və gənc mütəxəssislərin dəstəklənməsinin vacibliyi qeyd olunmuşdur.
Eyni zamanda oyun yaradılması sahəsi üzrə ixtisaslı kadr hazırlığının təşkili, ali təhsil müəssisələri ilə sənaye tərəfdaşları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki təlimlərin, seminarların və birgə layihələrin həyata keçirilməsi, oyun layihələrinin inkişafı üçün institusional dəstək mexanizmlərinin formalaşdırılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Görüşün sonunda tərəflər oyun yaradılması sahəsində əməkdaşlığın növbəti mərhələdə konkret təşəbbüslər və birgə fəaliyyət planı əsasında davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir. Keçirilən görüş bu sahədə institusional əməkdaşlığın formalaşdırılması üçün mühüm ilkin platforma kimi qiymətləndirilmişdir.