Odlar Yurdu Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gələcək gənclərə gələcək” adlı bayram tədbiri təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmiş, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Aparıcılar gəncləri bayram münasibətilə təbrik etmiş, “Gələcək gənclərə gələcək” şüarı altında gənclərin ölkənin inkişafında aparıcı qüvvə olduğu xüsusi vurğulanmışdır. Daha sonra tələbələr tərəfindən hazırlanan 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarxlar təqdim edilmişdir.
Tədbir zamanı universitetin və kollecin ictimai həyatında fəallığı ilə seçilən bir qrup tələbə fəxri fərmanlar və mükafatlarla təltif olunmuşdur. Təltifləri Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Professor Fəxrəddin Məmmədov, Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov və Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor Professor Elşad Məmmədov və həmçinin “Odlar Yurdu Universiteti”nin digər rəhbər və nümayəndələri təqdim ediblər.
Onlar çıxışlarında gəncləri əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edərək, tələbələrin ictimai fəallığının, elmi və yaradıcılıq fəaliyyətinin universitet həyatında mühüm rol oynadığını vurğulamış, gənclərin gələcəkdə də bu uğurları davam etdirəcəklərinə inandıqlarını bildirmişlər.
Tədbir tələbələrin ifasında musiqi nömrələri ilə davam etmiş və səmimi, bayram əhval-ruhiyyəsində yekunlaşmışdır. Bu tədbir gənclərin yaradıcılıq potensialını və birlik ruhunu nümayiş etdirməklə yanaşı, onlarda gələcəyə inam hissini daha da gücləndirmişdir.