Odlar Yurdu Universitetinin magistratura pilləsinin II kurs tələbəsi Firuzə Rafiyeva beynəlxalq səviyyədə mühüm uğura imza atıb. Belə ki, tələbəmiz Arizona State University tərəfindən təqdim olunan TESOL Professional Certificate proqramını Coursera platformasında uğurla tamamlayaraq müvafiq sertifikata layiq görülüb.
Qeyd edək ki, Firuzə Rafiyevanın təhsil və inkişaf hekayəsi Coursera tərəfindən seçilərək “Adding a Global Perspective to the Classroom: Meet Firuza” adlı məqalədə nümayiş olunub. Məqalədə onun pedaqoji yanaşmasını qlobal baxımdan inkişaf etdirmək məqsədilə beynəlxalq onlayn təhsil imkanlarından səmərəli şəkildə yararlanması xüsusi vurğulanır.
Həmçinin, bu nailiyyət Coursera-nın rəsmi Instagram səhifəsində də paylaşılaraq beynəlxalq auditoriyaya təqdim olunub. Bu fakt tələbəmizin əldə etdiyi uğurun qlobal səviyyədə tanındığını bir daha təsdiqləyir.
Odlar Yurdu Universiteti olaraq tələbələrimizin beynəlxalq platformalarda qazandıqları uğurları yüksək qiymətləndirir, Firuzə Rafiyevanı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir və ona gələcək akademik və peşəkar fəaliyyətində uğurlar arzulayırıq.