Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi” kafedrasının növbəti iclası keçirilib. İclas çərçivəsində kafedranın cari fəaliyyəti, tədris prosesinin təşkili və qarşıda duran prioritet məsələlər geniş müzakirə olunub.
Toplantıda tədris proqramlarının və sillabusların mövcud vəziyyəti təhlil edilib, onların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Xüsusilə fənn məzmunlarının yenilənməsi, praktik yönümlülüyün artırılması və nəticəyönümlü tədris yanaşmalarının tətbiqi məsələlərinə toxunulub.
Dərslərin daha keyfiyyətli və effektiv təşkili məqsədilə innovativ tədris metodlarının, interaktiv və layihəəsaslı öyrənmə modellərinin tətbiqi imkanları müzakirə edilib. Eyni zamanda rəqəmsal alətlərdən istifadə, laborator və praktik məşğələlərin intensivləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.
İclasda “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə istehsalat təcrübəsinin təşkili və hazırlıq prosesi də diqqət mərkəzində olub. Tələbələrin real iş mühitində peşə bacarıqlarının formalaşdırılması, sənaye tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi və təcrübə proqramlarının strukturlaşdırılması istiqamətində konkret addımlar müəyyənləşdirilib.
Kafedra rəhbərliyi tərəfindən vurğulanıb ki, tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrin rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə sistemli işlər davam etdiriləcək.