Odlar Yurdu Universitetində növbəti əməkdaşlıq görüşü baş tutub. Universitetin “İqtisadiyyat və iqtisadi münasibətlər”, “Biologiya və Ekologiya” və “İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi” kafedralarının təşkilatçılığı ilə keçirilən görüşdə Next Stars by Yerdəki Ulduzlar İnkişaf Mərkəzinin rəhbərliyi iştirak edib.
Görüşdə Next Stars by “Yerdəki Ulduzlar” İnkişaf Mərkəzinin rəhbəri Amalya Məmmədova, OYU Təbiət və texnologiyalar fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova, Strateji inkişaf və karyera departamentinin rəhbəri, “İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi” kafedrasının müdir müavini Aslan Əzimzadə, “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının müdir müavini, dosent Natiq Qarayev və “Biologiya və Ekologiya” kafedrasının dosenti Tamilla Kərimova iştirak ediblər.
Görüş çərçivəsində tərəflər qarşılıqlı olaraq fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat veriblər. Xüsusilə tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, real iş mühitində təcrübə qazanması və əmək bazarına daha hazırlıqlı inteqrasiyası məsələləri müzakirə olunub.
Sonda tərəflər arasında tələbələrin istehsalat təcrübəsinin təşkili və praktiki biliklərinin artırılması məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış sənəd universitet–mərkəz əməkdaşlığının institusional əsasda qurulmasına və tələbələrin karyera imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Odlar Yurdu Universiteti bundan sonra da təhsil və inkişaf mərkəzləri ilə əməkdaşlığı genişləndirməklə tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etməsinə və onların peşəkar formalaşmasına dəstək verməyə davam edəcək.