Bu gün Odlar Yurdu Universitetində Elmi Şuranın 5 saylı iclası keçirilib. İclas saat 12:30-da başlayıb və gündəlikdə universitetin akademik, elmi və təşkilati fəaliyyətinə dair bir sıra mühüm məsələlər müzakirə olunub.
İclasda ilk olaraq qış imtahan sessiyasının yekunları barədə aparat rəhbəri tərəfindən məlumat təqdim edilib. Akademik borcların ödənilməsinin təşkili məsələsi dekanlar tərəfindən müzakirəyə çıxarılıb. 2025-ci ildə elmi-tədqiqat fəaliyyətinin yekunları üzrə illik hesabat Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor tərəfindən təqdim olunub. Həmçinin universitetdə hazırlanmış yeni elmi jurnalların müzakirəsi və təsdiqi məsələsinə də Elmi işlər və keyfiyyətin təminatı üzrə prorektor tərəfindən baxılıb.
Pedaqoji və istehsalat təcrübəsinə hazırlığın vəziyyəti, eləcə də 2025-ci il üzrə Strateji İnkişaf Planının (SİP) icrası ilə bağlı hesabat Strateji inkişaf və karyera departamentinin rəhbəri tərəfindən təqdim edilib. Struktur bölmələrinin tədris ilinin I yarımili üzrə hesabatları struktur bölmə rəhbərləri tərəfindən müzakirə olunaraq təsdiq edilib. Növbəti dərs semestrinə hazırlıq məsələsi də dekanlar tərəfindən təqdim olunub.
İclasda “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının fəlsəfə doktoru proqramı üzrə 5308.01 “Ümumi iqtisadiyyat” ixtisası üzrə əyani doktorantlar – Asadov Nidzhat Aslan oğlu və Asadov Faiaz Aslan oğlunun elmi rəhbərləri və dissertasiya mövzuları müzakirə edilib. Məsələ kafedranın müdiri tərəfindən təqdim olunub. Bundan əlavə, həmin kafedranın müəllimləri – dosent Babək Feyzullayev, i.e.n. Natiq Qarayev, dosent Babək Feyzullayev, Nigar İbrahimova və Nərgiz Muradova tərəfindən hazırlanmış “Biznesin Strategiyası” adlı dərs vəsaiti müzakirə olunub. Müzakirədə dosent Babək Feyzullayev və Nigar İbrahimova çıxış ediblər.
İclasın sonunda gündəlikdə yer alan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.