Odlar Yurdu Universitetinin prorektoru Maliyyə nazirinin İctimai şura üzvləri ilə görüşündə iştirak edib

21 Fevral, 2026

Odlar Yurdu Universitetinin prorektoru Maliyyə nazirinin İctimai şura üzvləri ilə görüşündə iştirak edib

Sahil Babayev Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında yaradılmış İctimai şuranın üzvləri ilə görüş keçirib.

Görüşdə Odlar Yurdu Universiteti-nin Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektoru, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-analitik, professor Elşad Məmmədov da iştirak edib.

Nazir vətəndaş cəmiyyəti nümayəndələrini Maliyyə Nazirliyi yanında İctimai şuraya üzv seçilmələri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S. Babayev əmin olduğunu bildirib ki, İctimai şura “İctimai iştirakçılıq haqqında” qanundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirəcək və bu əməkdaşlıq Nazirliyin fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə xidmət edəcək.

Görüş zamanı İctimai şuranın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş cəmiyyəti ilə institusional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda İctimai şura üzvlərinə vəsiqələr təqdim edilib.

Qeyd edək ki, İctimai şuranın fəaliyyəti dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoqun gücləndirilməsinə, ictimai iştirakçılığın genişləndirilməsinə və idarəetmədə şəffaflığın artırılmasına mühüm töhfə verir.