Beynəlxalq Ana Dili Günü çərçivəsində multidissiplinar dərs təşkil olundu

23 Fevral, 2026

Beynəlxalq Ana Dili Günü çərçivəsində multidissiplinar dərs təşkil olundu

Bu gün 658F qrupunda Filologiya və humanitar fənlər kafedrası tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dili və multikultural dəyərlər: kimlik, yaddaş və gələcək” mövzusunda multidissiplinar dərs təşkil olunmuşdur.

Dərsin keçirilməsində əsas məqsəd ana dilinin milli kimliyin formalaşmasında rolu, mədəni yaddaşın qorunmasındakı əhəmiyyəti və qloballaşma şəraitində dilin gələcək inkişaf perspektivlərini müxtəlif elmi istiqamətlər üzrə müzakirə etmək olmuşdur. Tədbirdə ana dilinin qorunması və inkişaf etdirilməsinin multikultural cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanmışdır.

Dərsdə kafedranın müəllimləri — dosent Ü. Mehralıyeva, F. Əli-zadə, L. Haqverdiyeva və R. Məmmədova çıxış edərək ana dilinin multikultural mühitdə qorunması, dil siyasəti, milli-mənəvi dəyərlərin ötürülməsi, həmçinin təhsil sistemində dilin funksional imkanları barədə fikirlərini bölüşmüşlər.

Filologiya və humanitar fənlər kafedrasinin müdiri Professor Rüstem Kamal çıxışı zamanı bildirib ki, Azərbaycanda ana dilinə münasibət hər zaman yüksək olub, Respublika tarixində ilk dəfə olaraq dilə abidə ucaldılması bunun bariz nümunəsidir. Onun sözlərinə görə, “Abidə” sözünün kökündə “əbədi” anlayışı dayanır və bu da dilin millət üçün əbədi dəyər daşıdığını göstərir, Ana dilinin yaranma tarixini dəqiq bilmək mümkün deyil; bu, ilahi və tarixi bir prosesdir:

"Dünyada minlərlə dil mövcuddur. Dilçilərin fikrincə, təxminən 5 minə yaxın dil var, lakin onların yalnız bir hissəsi dövlət dili statusuna malikdir. Dövlət dili konstitusiyada təsbit olunan və rəsmi idarəetmədə istifadə edilən dildir. Məsələn, Cənubi Azərbaycanda milyonlarla insan Azərbaycan dilində danışsa da, bu dil İran Konstitusiyasında dövlət dili kimi tanınmır. Azərbaycanda isə Azərbaycan dili dövlət dili kimi təsbit olunub və ölkədə yaşayan bütün xalqlar bu dildən ünsiyyət vasitəsi kimi istifadə edir.

Dil mədəniyyətin əsas sütunlarından biridir. Bir xalqın mədəniyyətini öyrənmək üçün onun dilini bilmək vacibdir. 21 fevralın Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması da (UNESCO-nun qərarı ilə) dilin qlobal mədəni dəyər olduğunu göstərir. Azərbaycan tarixən çoxmillətli və çoxmədəniyyətli məkan olub. Ölkəmizdə yaşayan azsaylı xalqlar öz dillərində sərbəst danışır, mahnı oxuyur və mədəniyyətlərini yaşadırlar. Bu həm tolerantlığın, həm də mədəni zənginliyin göstəricisidir. Ana dili isə milli kimliyin, birliyin və dövlətçiliyin əsas dayaqlarından biridir".

Müzakirələr zamanı tələbələrin fəal iştirakı təmin edilmiş, mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və ana dilinin həm milli birlik, həm də multikultural harmoniyanın əsas sütunlarından biri olduğu qeyd edilmişdir.

Tədbir interaktiv müzakirələr və ümumi nəticələrin yekunlaşdırılması ilə başa çatmışdır. Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bu cür dərslər gənclərdə dilə bağlılıq hissinin gücləndirilməsi, milli-mədəni dəyərlərin qorunması və akademik düşüncənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.