Odlar Yurdu Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Unudulmayan gecə, ucalan ədalət” adlı konfrans təşkil edilib.
Konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə OYU-nun İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Samir Vəliyev çıxış edərək Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Professor Samir Vəliyev gənc nəslin milli yaddaşın qorunmasında, tarixi həqiqətlərin öyrənilməsi və dünyaya çatdırılmasında xüsusi məsuliyyət daşıdığını qeyd edib.
Çıxışlarda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən faciəli hadisələr xatırladılıb, dinc əhaliyə qarşı törədilən qətliamın dəhşətli nəticələrindən bəhs olunub. Qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır və bu faciənin unudulmaması, beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət alması istiqamətində işlər davam etdirilir.
Konfrans bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub. Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş musiqi nömrələri iştirakçılar tərəfindən dərin hüzn və ehtiramla qarşılanıb.
Sonda Allahdan bütün şəhidlərimizə rəhmət dilənib, Xocalı qurbanlarının xatirəsinin daim uca tutulacağı vurğulanıb. Tədbir iştirakçılara bir daha xatırladıb ki, “Unudulmayan gecə” Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, ədalət isə daim ucalacaq.