OYU tələbələri mikrobiologiya və ekotoksikologiya üzrə istehsalat təcrübəsi keçirlər

27 Fevral, 2026

OYU tələbələri mikrobiologiya və ekotoksikologiya üzrə istehsalat təcrübəsi keçirlər

Odlar Yurdu Universitetinin Ekologiya və Biologiya kafedrasının Biologiya ixtisası üzrə 846 və 847 saylı qrup tələbələri - Həsən Qurbanlı, Sənan Rəhimov, Nəzrin Purkaştasib Odlar Yurdu Universiteti ilə rəsmi müqavilə əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azelab" MMC-də mikrobiologiya və ekotoksikologiya sahəsi üzrə istehsalat təcrübəsi keçirirlər. Təcrübə zamanı tələbələr həm mikrobioloji, həm də ekotoksikoloji analiz metodları ilə yaxından tanış olur, su nümunələrinin keyfiyyətinin qiymətləndirilməsi və potensial ekoloji risklərin müəyyənləşdirilməsi üzrə praktiki bacarıqlarını inkişaf etdirirlər.

Su nümunələrinin ekotoksikoloji analiz prosesi, xüsusilə Dafniya (Daphnia spp.) üzərində aparılan biotest mərhələsi əks olunmuşdur. Bu mərhələdə bioindikator orqanizm kimi Dafniyalar istifadə olunmuş, onların su nümunəsindəki potensial toksiki təsirə qarşı reaksiya verməsi müşahidə edilmişdir. Təcrübə zamanı tələbələr su nümunələrini xüsusi hazırlanmış test qablarına köçürmüş, Dafniyaları nümunə mühitinə yerləşdirmiş və müəyyən edilmiş ekspozisiya müddətində onların hərəkət qabiliyyəti, immobilizasiya faizi, davranış reaksiyaları və ümumi fizioloji vəziyyətini qeyd etmişlər. Bu proses nəticəsində nümunələrin canlı orqanizmlər üçün toksik təsirinin qiymətləndirilməsi, eləcə də ekoloji təhlükənin ilkin analizi həyata keçirilmişdir.

Mikrobioloji analiz mərhələsində tələbələr su nümunələrini aseptik şəraitdə hazırlayır, homogenləşdirir və selektiv qida mühitlərinə əkirlər. Əkilmiş nümunələr laminar hava axını kabinetində (laminar flow cabinet) inkubasiya olunur. İnkubasiya müddətindən sonra yaranmış koloniyaların sayı və morfoloji xüsusiyyətləri - forma, ölçü, səth strukturu, rəng və kənar quruluşu diqqətlə müşahidə edilir və qeydə alınır. Koloniyaların say göstəriciləri (CFU - Colony Forming Units) əsasında nümunənin mikrobioloji çirklənmə səviyyəsi müəyyən olunur və nəticələr müvafiq sanitariya-gigiyenik normativlərlə müqayisə edilir.

Bundan əlavə, tələbələr mikroskopiya üsulları ilə koloniyaların və fərdi mikroorqanizmlərin morfoloji xüsusiyyətlərini öyrənir, boyama metodlarından istifadə edərək hüceyrə strukturunu qiymətləndirirlər. Bu mərhələdə mikroskop altında hüceyrə forması, nüvə strukturu, bakterial və ya göbələk mənşəli hüceyrələrin fərqləndirilməsi kimi göstəricilər müşahidə olunur.

Laboratoriya işləri zamanı tələbələr steril iş qaydalarına riayət edir, şüşə qabları və alətləri autoklav və kimyəvi dezinfeksiya üsulları ilə sterilizə edir, həmçinin bütün mərhələləri protokollaşdıraraq nəticələri dəqiq qeyd edirlər.

Bu istehsalat təcrübəsi tələbələrin nəzəri biliklərini praktik laborator mühitdə tətbiq etməsinə, həm mikrobioloji, həm də ekotoksikoloji analiz bacarıqlarını inkişaf etdirməsinə və elmi tədqiqat prinsiplərini mənimsəməsinə mühüm töhfə verir. Eyni zamanda, tələbələr ekoloji monitorinq, bioindikator orqanizmlərlə işləmə və laboratoriya təhlükəsizliyi sahəsində peşəkar kompetensiyalarını artırırlar.