Bu gün Odlar Yurdu Universitetində (OYU) innovativ təhsil təşəbbüslərinə həsr olunmuş görüş keçirilib. Görüşdə “Taskool” platformasının təqdimatı baş tutub və məktəb–universitet əməkdaşlığının perspektivləri müzakirə olunub.
Tədbirdə Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Nəriman Qaraxani, millət vəkili, hüquq elmləri doktoru, professor Samir Vəliyev, eləcə də “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov, OYU-da Startap Ve Inkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü, OYU-da Keyfiyyət təminatı və Akkreditasiya işləri departamentinin rəhbəri Nigar İbrahimova, OYU-da İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı PhD Aydın Əliyev iştirak ediblər.
Universitetə qəbulda alternativ, bacarıq əsaslı innovativ sistem – Taskool platformasının təsisçi və rəhbəri, Beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Nəriman Qaraxani çıxışında bildirib ki, “Taskool” platforması şagirdlərə STEAM layihələri, olimpiadalar, peşəkar kurslar və mentorluq proqramları vasitəsilə güclü akademik portfel formalaşdırmağa imkan yaradır. Onun sözlərinə görə, müasir universitetlər artıq yalnız standart test nəticələri ilə kifayətlənmir, abituriyentlərin əlavə bacarıq və fəaliyyətlərini də nəzərə alırlar. Platforma məktəblə universitet arasında körpü rolunu oynayaraq şagirdlərin nailiyyətlərini sistemli şəkildə sənədləşdirməyə və gələcək müraciətlər zamanı təqdim etməyə imkan verir.
OYU-da İdarəetmə Şurasının sədri, Millət vəkili, hüquq elmləri doktoru, professor Samir Vəliyev vurğulayıb ki, belə layihələr gənclərin real potensialının üzə çıxarılmasında mühüm rol oynayır. O qeyd edib ki, universitetdə informasiya texnologiyaları təhlükəsizliyi və kiber təhlükəsizlik istiqamətində fəaliyyət prioritet istiqamətlərdəndir. Hazırda bu sahədə müasir laboratoriyanın yaradılması prosesi yekunlaşmaq üzrədir. Professor, həmçinin Gənclər Fondu tərəfindən keçirilən müsabiqədə 40 komanda arasında 3-cü yerin qazanılmasının tələbələrin yüksək potensialının göstəricisi olduğunu bildirib və bu kimi layihələrdə əməkdaşlığa hazır olduqlarını ifadə edib.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbəri Nicat Əmiraslanov isə çıxışında qeyd edib ki, müasir dövrdə universitetlərdə tələbələrin yalnız akademik göstəriciləri deyil, eyni zamanda yaradıcılıq və innovativ düşünmə bacarıqları da ön plana çəkilir. O bildirib ki, 2018-ci ildən fəaliyyət göstərən “INNOLAND” innovasiya ekosisteminin inkişafına töhfə verir və özəl sektorun bu prosesə aktiv cəlb olunması üçün əlverişli mühit formalaşdırılıb.
Görüş çərçivəsində gələcək əməkdaşlıq imkanları və tələbələrin innovativ layihələrə cəlb olunması istiqamətində perspektivlər müzakirə olunub. Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Məlumat üçün bildirək ki, müasir ali təhsil sistemində qəbul prosesi artıq yalnız test nəticələri ilə məhdudlaşmır. Universitetlər abituriyentlərin akademik göstəriciləri ilə yanaşı, onların bacarıq, layihə təcrübəsi və sosial fəallığını da nəzərə alırlar.
Taskool platforması şagirdlərə STEAM layihələri, olimpiadalar, kurslar və mentorluq proqramları vasitəsilə rəqəmsal akademik portfel yaratmaq imkanı təqdim edir. Bu sistem məktəblə universitet arasında körpü rolunu oynayaraq gənclərin real potensialının qiymətləndirilməsinə şərait yaradır və ənənəvi qəbul modelinə bacarıq əsaslı alternativ təqdim edir.