Odlar Yurdu Universitetinin “Filologiya və humanitar fənlər” kafedrasının dosenti Ülviyyə Mehralıyeva, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin elmi işçisi Hafizə İmanova və Azərbaycan Dillər Universiteti “Qərb ölkələri üzrə regionşünaslıq” kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimovanın iştirakı ilə keçirilən “Gender bərabərliyi fəlsəfi kontekstdə” mövzusunda elmi seminar keçirilib.
Seminarda təlimçilər inkişaf etmiş ölkələrdə qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanları, baş verən qlobal problemlər (iqlim dəyişmələri, ekoloji böhranlar) çərçivəsində əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınların müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalması barədə fikirlərini bölüşüblər. Azərbaycanın dayanıqlı inkişaf kontekstində qarşısına qoyduğu mühüm prioritetlərdən biri də gender bərabərliyi məsələsidir ki, bütün sferalarda qadınların hüquqlarının qorunmasına və maarifləndirilməsinə yönəlik tədbirlər geniş şəkildə həyata keçirilməkdədir. Təlimçi Hafizə İmanova qlobal iqlim dəyişmələri kontekstində yaranan yeni sahələrdən birinin də gender olduğunu və bu sahənin dünyada elmi ictimaiyyətin tədqiqatlarında yer aldığını vurğulamışdır. Təlimçi Şəfa Əbdürrəhimova isə gender bərabərliyinin həm ailə, məişət zorakılığı zəminində, həm də ekoloji böhranlar zəminində pozulmasının səbəb və nəticələrindən bəhs etmişdir. F.ü.f.d., dos. Ülviyyə Mehralıyeva isə gender bərabərliyi məsələsinə fəlsəfi aspektdən toxunmuş və dövlətin bu sahədə gördüyü işlərdən bəhs etmişdir.
Tələbələrin fəal iştirakı ilə keçən müzakirələrdə maraqlı fikir mübadiləsi aparılmışdır. Seminar diskussiya formatında başa çatıb.