Bu gün Bakı Ali Neft Məktəbində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Ali təhsil müəssisələrinə qəbul prosesinə həsr olunmuş görüşdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev də iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavinləri, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev gündəlikdə yer alan məsələləri qeyd edərək müzakirənin əhəmiyyətini vurğulayıb. Daha sonra Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Biliyin qiymətləndirilməsi və ali təhsil müəssisələrinə tələbə qəbulu” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda müasir dövrdə ölçülməsi vacib olan bilik və bacarıqlardan, xüsusilə rəqəmsal savadlılığın qiymətləndirilməsinin önəmindən bəhs olunub.
Nazir Emin Əmrullayev çıxışında ali təhsil müəssisələri ilə bağlı mövcud problemlərə və həlli yollarına toxunaraq gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib. O, ali təhsil müəssisələri arasında sağlam rəqabət mühitinin gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb və bunun təhsilin keyfiyyətinin artırılması, eləcə də beynəlxalq reytinqlərdə mövqelərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüş qarşılıqlı müzakirə formatında davam edib, mövcud məsələlər ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.