Kriptoqrafiya və məlumatların şifrələnməsi mövzusunda elmi seminar təşkil edilib

06 Mart, 2026

Kriptoqrafiya və məlumatların şifrələnməsi mövzusunda elmi seminar təşkil edilib

Bu gün Odlar Yurdu Universitetində İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrası ilə Riyaziyyat və informatika kafedrasının əməkdaşlarının birgə elmi seminarı keçirilib.

Seminarda məlumatın şifrələnməsi, rəqəmsal imza texnologiyaları, eləcə də Gmail və WhatsApp kimi kommunikasiya platformalarında istifadə olunan şifrələmə mexanizmləri haqqında Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müəllimi Rafail Əhmədov çıxış edib.

Rafail Əhmədov çıxışına riyaziyyatın ən mühüm sahələrindən biri olan ədədlər nəzəriyyəsinin kriptoqrafiyada tətbiqindən başlayaraq, müasir dövrdə mətnlərin şifrələnməsi, məlumatların təhlükəsiz ötürülməsi və rəqəmsal imza sistemləri haqqında müəllim və tələbələrə geniş məlumat verib. O, həmçinin Gmail və WhatsApp kimi platformalarda istifadə olunan müasir şifrələmə alqoritmlərinin prinsipləri barədə də ətraflı danışıb.

Rafail Əhmədov çıxışında nəzəri materiallarla yanaşı, şifrələmə alqoritmlərinin Python proqramlaşdırma dili vasitəsilə praktiki tətbiqini də dinləyicilərə nümayiş etdirib.

Seminar interaktiv mühitdə keçib, müəllimlərin və iştirakçıların çoxsaylı sualları əsasında maraqlı müzakirələr aparılıb.

Seminar zamanı kafedra müdiri Fəxrəddin Məmmədov “Kriptoqrafiya alqoritmləri” fənninin sillabusuna Respublikada tətbiq olunan SİMA, ASAN xidmət və digər informasiya platformalarında istifadə edilən məlumatların şifrələnməsi və rəqəmsal imza alqoritmlərinin daxil edilməsinin zəruriliyi barədə fikirlərini bölüşüb.

Seminardan sonra İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə kafedranın qadın müəllimlərini təbrik edib, çay süfrəsi arxasında xoş söhbətlər aparılıb və sonda xatirə şəkli çəkilib.