Odlar Yurdu Universiteti ilə “İNCİ Laboratoriyaları” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

11 Mart, 2026

Odlar Yurdu Universiteti ilə “İNCİ Laboratoriyaları” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Odlar Yurdu Universiteti ilə “İNCİ Laboratoriyaları” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum universitet tələbələrinin laboratoriya və klinik mühitdə praktik bilik və bacarıqlarının artırılması, eləcə də onların real iş prosesi ilə yaxından tanış olmalarını təmin etmək məqsədi daşıyır.

Memoranduma əsasən, Odlar Yurdu Universitetinin biologiya sahəsi üzrə təhsil alan tələbələri “İNCİ Laboratoriyaları”nın laboratoriyalarında istehsalat təcrübəsinə cəlb olunacaq, laborator proseslər, analiz metodikaları və diaqnostik prosedurlar üzrə təlim və seminarlar təşkil ediləcək. Eyni zamanda tələbələrin elmi-tədqiqat fəaliyyətlərində iştirak imkanlarının yaradılması, birgə elmi layihə və tədbirlərin keçirilməsi də əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.

Memorandum Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri professor Samir Vəliyev və “İNCİ Laboratoriyaları” MMC-nin inzibati direktoru Elnarə Əfəndiyeva tərəfindən imzalanıb.

Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev bildirib ki, universitet tələbələrinin praktiki bacarıqlarının inkişafı üçün real iş mühitində təcrübə qazanmaları mühüm əhəmiyyət daşıyır:

“Tələbələrimizin təcrübə keçməsi və real iş mühiti ilə tanış olması onların gələcək karyerasına ciddi töhfə verir. Universitet olaraq bir çox təşkilatlarla əməkdaşlıq edirik və məzunlarımızın böyük hissəsi əmək bazarında uğurla fəaliyyət göstərir.

Hazırda işləyən məzunları nəzərə alsaq, onların məşğulluq səviyyəsi 12 ay ərzində təxminən 62–63 faiz təşkil edir. Təxminən 5–6 faiz məzun isə təhsilini davam etdirmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün başqa istiqamətlərə yönəlir. Bəzi məzunlarımızın xarici ölkələrə üz tutması da ümumi göstəricilərə təsir edir.

OYU bir sıra təşkilatlarla əməkdaşlıq edir və ikili diplom proqramları üzərində də iş aparılır. Gələn tədris ilində bu istiqamətdə müqavilələrin təsdiqini gözləyirik. Universitetdə mövcud laboratoriyalar və müəllimlərin səyi isə tələbələrin praktiki biliklərinin inkişafına geniş imkan yaradır.”

Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə:

“Düşünürəm ki, məzunlarımızın məşğulluq göstəriciləri kifayət qədər qənaətbəxşdir. İl ərzində məzun olanların təxminən 40 faizi işlə təmin olunub. Biologiya ixtisası üzrə 2023-cü ildə əldə olunan bu nəticə heç də pis göstərici deyil.

2023-cü il üzrə ümumi məşğulluq göstəricisi 51,8 faiz təşkil edir. 12 ay ərzində məzun olanların məşğulluq səviyyəsi isə 41–42 faiz civarındadır. Digər hesablamalara görə bu göstərici 62–63 faizədək yüksəlir.

Qeyri-formal məşğulluq da bu statistikaya müəyyən qədər təsir edir. Məşğulluq Agentliyinin hesabatına əsasən, məzunların təxminən 5–6 faizi ümumiyyətlə işləmək istəmir. Ümumilikdə isə bu nəticələr kifayət qədər yüksək göstərici hesab olunur.”

“İNCİ Laboratoriyaları” MMC-nin inzibati direktoru Elnarə Əfəndiyeva isə bildirib ki, bu əməkdaşlıq tələbələrin praktiki biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Universitetlə əməkdaşlıq bizim üçün də böyük əhəmiyyət kəsb edir. Tələbələrin laboratoriya mühitində real iş prosesini yaxından öyrənməsi onların gələcək karyerasına müsbət təsir göstərəcək. İnanırıq ki, bu əməkdaşlıq çərçivəsində gənc mütəxəssislərin hazırlanmasına və onların peşəkar bacarıqlarının inkişafına töhfə verəcəyik.”

Qeyd edək ki, memorandum 3 il müddətində qüvvədə olacaq və tərəflərin razılığı əsasında uzadıla bilər.