Sumqayıt Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sumqayıt Dövlət Universiteti, Sumqayıt İnnovasiya Mərkəzi və ICPC Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə 2-ci “Sumqayıt Cup” proqramlaşdırma müsabiqəsi keçirilib.
Müsabiqədə ölkənin 24 universitetini təmsil edən 35 komanda (100 iştirakçı) iştirak edərək alqoritmik düşünmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçılar üçün həm biliklərini sınamaq, həm də komanda şəklində problem həll etmə bacarıqlarını inkişaf etdirmək baxımından mühüm platforma rolunu oynayıb.
Odlar Yurdu Universitetinin tələbələri də müsabiqədə fəal iştirak edərək proqramlaşdırma sahəsində bilik və bacarıqlarını nümayiş etdiriblər. OYU-nu müsabiqədə 760 İİTS ixtisasının tələbəsi Okan Əliyev, 760 İKM ixtisasının tələbəsi Qurban Yusubov və 758 İTS ixtisasının tələbəsi Kənan Əhmədov təmsil ediblər.
Müsabiqənin əsas məqsədi tələbələr arasında proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını təşviq etmək, gənclərin informasiya texnologiyaları sahəsinə marağını artırmaq və universitetlər arasında akademik əməkdaşlığı gücləndirməkdir.
Yarış zamanı iştirakçılar müxtəlif çətinlik səviyyəsinə malik proqramlaşdırma məsələlərini müəyyən vaxt ərzində həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə gənc proqramçıların təcrübə mübadiləsi aparması, yeni ideyalarla tanış olması və texnologiya sahəsində şəbəkələşmə imkanlarının genişlənməsi baxımından da əhəmiyyətli olub.