“Azərbaycanda kənd təsərrüfatı üçün ayrılan suyun yarısı yolda itir” - OYU dosenti Fuad İbadov

13 Mart, 2026

“Azərbaycanda kənd təsərrüfatı üçün ayrılan suyun yarısı yolda itir” - OYU dosenti Fuad İbadov

“Tam Vaxtı” verilişinin “Şəhər Adamı” rubrikasının növbəti qonağı Odlar Yurdu Universitetinin dosenti, Irrigation.az MMC-nin təsisçisi Fuad İbadov olub. Verilişin aparıcısı Rəhman Rəsulov qonaqla qlobal su böhranı, su ehtiyatlarının səmərəli istifadəsi, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi və iqlim stansiyalarının üstünlükləri kimi mövzular ətrafında müzakirə aparıblar.

Fuad İbadov bildirib ki, su məsələsi artıq ölkə üçün ciddi problemlərdən birinə çevrilib. Onun sözlərinə görə, Azərbaycanda su istifadəçilərinin əsas hissəsini iri şəhərlərin əhalisi və kənd təsərrüfatı təşkil edir. Şəhərlərdə su təminatı əsasən həll olunub və suyun nəqli zamanı ciddi problemlər müşahidə olunmur. Bəzən müəyyən sızmalar baş versə də, onlar qısa müddətdə aradan qaldırılır.

"Ölkədə su ehtiyatlarının ən böyük istifadəçisi kənd təsərrüfatıdır. Statistikaya əsasən, su ehtiyatlarının təxminən 80 faizi kənd təsərrüfatında istifadə olunur. Lakin əsas problem bu suyun nə qədər səmərəli istifadə olunmasıdır. Azərbaycan Respublikasında su ehtiyatlarından səmərəli istifadə ilə bağlı Milli Strategiya qəbul olunub. Strategiyaya əsasən, kənd təsərrüfatı üçün hər il 7,2 milyard kubmetr su ayrılır. Lakin bunun təxminən 50 faizi nəqliyyat zamanı itkiyə gedir. Yəni su sahələrə çatdırılana qədər kanallar vasitəsilə yerə sızma, buxarlanma və digər səbəblərlə təxminən 3,6 milyard kubmetr su itir. Qalan 3,6 milyard kubmetr su isə kənd təsərrüfatında istifadə olunur”.

Ekspert əlavə edib ki, Azərbaycanda təxminən 1 milyon 600 min hektar suvarılan ərazi mövcuddur. Lakin bu sahələrin yalnız 10 faizi müasir suvarma sistemləri ilə təmin olunub, bu isə çox aşağı göstərici hesab olunur.

"Yüksək su itkisi kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb olur. Bu isə fermerlərin gəlirinin azalmasına gətirib çıxarır. Nəticədə bəzi fermerlər kənd təsərrüfatı ilə məşğul olmaqdan imtina edərək şəhərlərə üz tutur ki, bu da sosial problemlərin yaranmasına səbəb olur. Su mənbələrinə yaxın yerləşən fermerlər daha çox qazanc əldə edə bilir. Sudan uzaqda yerləşən təsərrüfatlar isə su təminatında çətinliklərlə qarşılaşır. Torpaqların azad olunmasından sonra ölkənin uzun illər mövcud olan su problemlərinin bir hissəsinin həlli üçün yeni imkanlar yaranıb. Onun sözlərinə görə, Azərbaycan əsasən xaricdən gələn su ehtiyatlarından asılıdır və bəzi hallarda qonşu ölkələr həmin suların qarşısını alırdı".

Fuad İbadov vurğulayıb ki, azad olunmuş ərazilərdə yeni su anbarlarının tikintisi və su infrastrukturunun qurulması istiqamətində dövlət tərəfindən geniş layihələr həyata keçirilir. Bu proses müəyyən vaxt tələb etsə də, gələcəkdə su ehtiyatlarının artırılmasına və kənd təsərrüfatının daha səmərəli inkişafına mühüm töhfə verəcək.

 

Ətraflı videoda: