AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Güney Azərbaycanda dil məsələsi və mədəniyyət” mövzusunda təşkil olunan tədbirdə 4-cü kurs tələbələrimizin iştirak etdiyi maarifləndirici görüş keçirilib. Tədbirdə müəllimlər, tədqiqatçılar və soydaşlarımız iştirak edərək Güney Azərbaycanın dil və ədəbi mühiti haqqında fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan dilinin zənginliyi, milli mədəniyyətimizin dəyərləri və ədəbiyyatımızın gücü haqqında geniş müzakirələr aparılıb. Xüsusilə Güney Azərbaycan şairlərinin yaradıcılığına diqqət çəkilib, onların doğma dildə yazıb-yaratmaq istəklərinə qoyulan məhdudiyyətlər və əsərlərinin yayılması zamanı qarşılaşdıqları çətinliklər qeyd olunub.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Esmira Fuad da çıxış edib. O, Güney Azərbaycanda ana dilinin qorunması, ədəbi mühitin inkişafı və Güney Azərbaycan şairlərinin yaradıcılığının milli kimliyin yaşadılmasında mühüm rol oynadığını vurğulayıb. Tədbir zamanı görkəmli ədəbi simaların – Şəhriyar, Xiyabani, Mirzə İbrahimov və digər tanınmış ziyalıların milli kimliyimizin qorunması, xalqımızın duyğularının və həyat təcrübəsinin dil vasitəsilə ifadə olunması istiqamətində göstərdikləri xidmətlər xüsusi vurğulanıb.
Qeyd olunub ki, Cənubi Azərbaycanda ana dilində yazmaq, düşünmək və bu dili gələcək nəsillərə ötürmək həm çətin, həm də son dərəcə məsuliyyətli və şərəfli bir missiyadır. Bununla yanaşı, zəngin ədəbi irsin qorunması, təbliği və gənc nəslə dilimizin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları tərəfindən vurğulanıb ki, dil və ədəbiyyat xalqın milli kimliyini yaşadan, onu birləşdirən və gələcək nəsillərə ötürülən ən qiymətli mənəvi sərvətlərdən biridir.