Təhsil və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən mühüm tədbir – I Forum keçirilib. “Birlik Events Academy” MMC və “Edu Forum” MMC-nin təşkilatçılığı ilə baş tutan forum ölkənin ən fəal, yaradıcı və interaktiv pedaqoqları, eləcə də aparıcı psixoloqları tərəfindən böyük maraqla qarşılanıb.
Forumda Odlar Yurdu Universitetini Xarici dillər kafedrasının müəllimi Pərvin Kərimova və Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müəllimi Aygün Verdiyeva təmsil ediblər.
Tədbirin əsas məqsədi müasir təhsil metodologiyalarını müzakirə etmək, yaradıcı yanaşmaları təşviq etmək və pedaqoji fəaliyyətlə psixoloji dəstəyin inteqrasiyasını gücləndirmək olub. Forum çərçivəsində iştirakçılar təcrübə mübadiləsi apararaq, gələcəyin təhsil modelinə dair yeni ideyalar ətrafında fikir mübadiləsi ediblər.
Forum ənənəvi çıxışlardan fərqli olaraq interaktiv formatda təşkil olunub. Canlı müzakirələr və sual-cavab sessiyaları zamanı pedaqoqlar dərslərin daha effektiv təşkili üçün istifadə etdikləri rəqəmsal və kreativ alətləri təqdim ediblər. Psixoloqlar isə təhsil mühitində emosional intellektin rolu və psixoloji rifahın təmin olunması ilə bağlı mühüm tövsiyələrini bölüşüblər.
Tədbirin sonunda fəallığı ilə seçilən iştirakçılara sertifikatlar təqdim olunub. Təşkilatçılar bu forumun gələcəkdə də davamlı şəkildə, daha geniş iştirakçı tərkibi ilə keçiriləcəyini bildiriblər.