Dövlət qurumu ilə əməkdaşlıq Odlar Yurdu Universitetində kadr hazırlığına yeni imkanlar yaradır

19 Mart, 2026

Dövlət qurumu ilə əməkdaşlıq Odlar Yurdu Universitetində kadr hazırlığına yeni imkanlar yaradır

Odlar Yurdu Universitetində informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində kadr hazırlığının gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev universitetdə olub, tədris infrastrukturu və maddi-texniki baza ilə yaxından tanış olub.

Ziyarət çərçivəsində qonaqlar Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev və Milli Məclisin deputatı Samir Vəliyev ilə birlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Rektor Əhməd Vəliyev universitetdə həyata keçirilən tədris prosesi barədə ətraflı məlumat verərək bildirib ki, Odlar Yurdu Universitetində “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə müasir tələblərə cavab verən kadrlar hazırlanır. Qeyd olunub ki, tələbələr nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etmələri üçün müxtəlif dövlət və özəl qurumlarda istehsalat təcrübələrinə cəlb olunurlar.

Görüş çərçivəsində XRİTDX ilə Odlar Yurdu Universiteti arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi XRİTDX-nin rəisi İlqar Musayev və universitetin rektoru professor Əhməd Vəliyev imzalayıblar.

İmzalanmış Memorandum “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”na uyğun olaraq, universitetdə yüksək ixtisaslı kadr hazırlığının daha da inkişaf etdirilməsini, innovativ tədris mühitinin formalaşdırılmasını və sahə üzrə bilik və təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində təhsil proqramlarının təkmilləşdirilməsi, tələbələr üçün praktik təlim imkanlarının artırılması, ustad dərslərinin təşkili, birgə laboratoriyaların yaradılması və peşəkar mütəxəssislərin hazırlanması istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.

Bu əməkdaşlıq Odlar Yurdu Universitetində informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına, eyni zamanda tələbələrin real iş mühitinə daha sürətli inteqrasiyasına mühüm töhfə verəcək.