Odlar Yurdu Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbir tələbələrin yaradıcılığını, milli dəyərlərə bağlılığını və akademik biliklərini bir araya gətirdi.
Universitetin Xarici dillər kafedrasının müəllimi Pərvin Kərimovanın təşkilatçılığı ilə xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan 962X2 qrupunun tələbələri xüsusi təqdimat proqramı ilə çıxış etdilər. Tədbir çərçivəsində tələbələr İngilis dilinin kommunikativ qrammatikası fənni üzrə öyrəndikləri mövzuları praktik şəkildə tətbiq edərək maraqlı və interaktiv çıxışlar nümayiş etdirdilər.
Təqdimat zamanı sinif şəraitində Novruzun rəmzi atributlarından biri olan xonça hazırlanıb təqdim olundu. Tələbələr milli adət-ənənələrimizi, Novruz bayramının fəlsəfəsini və xalqımızın birlik ruhunu öz çıxışlarında əks etdirərək tədbirə xüsusi rəng qatdılar.
Bu təşəbbüs həm tələbələrin dil bacarıqlarının inkişafına, həm də milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdi. Tədbir iştirakçıları Novruzun sevincini bölüşərək bu əlamətdar günü xoş və unudulmaz anlarla qeyd etdilər.
Odlar Yurdu Universiteti tələbələrin hərtərəfli inkişafını dəstəkləyən bu kimi təşəbbüsləri gələcəkdə də davam etdirməyi hədəfləyir.