Odlar Yurdu Universitetində 31 Mart soyqırımı gününə həsr olunmuş konfrans keçirildi

31 Mart, 2026

Odlar Yurdu Universitetində 31 Mart soyqırımı gününə həsr olunmuş konfrans keçirildi

Bu gün Odlar Yurdu Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin akt zalında təşkil olunan konfrans müəllim və tələbə heyətinin iştirakı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca 1918-ci ilin mart hadisələri zamanı və Azərbaycanın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Konfrans çərçivəsində 31 Mart soyqırımına həsr olunmuş qısa videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycan xalqına qarşı törədilmiş qətliamların tarixi faktları və onların acı nəticələri əks olunub.

Tədbirdə çıxış edənlər 31 Mart soyqırımının tarixi, siyasi və mənəvi aspektlərini geniş şəkildə təhlil edərək bu faciənin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu vurğulayıblar. Bildirilib ki, bu kimi tədbirlər milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Professor Fəxrəddin Məmmədov bildirib ki, bu cür tarixi həqiqətlərin yalnız anım günlərində deyil, hər zaman diqqət mərkəzində saxlanılması vacibdir. O qeyd etmişdir ki, xüsusilə ali təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlər gənclərin milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır. Gənc nəsil tarixini dərindən bilməli, onu təhriflərdən qorumalı və əldə etdiyi bilikləri beynəlxalq platformalarda əsaslandırılmış şəkildə təqdim etməlidir. Bu, həm də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Odlar Yurdu Universitetinin Marketinq ixtisasının tələbəsi Tofiq Nuriyev çıxışında qeyd edib ki, 31 mart 1918-ci il Azərbaycan xalqının milli kimliyinə və mədəni irsinə qarşı yönəlmiş faciəli bir səhifədir. O bildirib ki, minlərlə günahsız insan qətlə yetirilmiş, şəhər və kəndlər dağıdılmışdır. Natiq həmçinin vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu tarixə siyasi qiymət verilib və bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan həqiqətləri beynəlxalq səviyyədə tanıdılır.

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının tələbəsi İbrahim Quliyeva çıxışında bildirib ki, 31 mart hadisələri yalnız keçmiş deyil, həm də xalqın ruhunun sınmadığının sübutudur. O qeyd edib ki, həmin dövrdə qətlə yetirilən insanların arzuları yarımçıq qalsa da, bu gün Azərbaycan xalqı güclü və qalib bir millət kimi tarix yazır.

Odlar Yurdu Universitetinin Psixologiya ixtisasının tələbəsi Ayan Əliyeva çıxışında soyqırımın yalnız tarixi fakt deyil, həm də kollektiv yaddaş məsuliyyəti olduğunu vurğulayıb. O bildirib ki, bu hadisələr həm milli, həm də beynəlxalq hüquq baxımından bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir və müasir gənclik bu həqiqətləri faktlarla dünyaya çatdırmaq missiyasını daşıyır.

Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasının tələbəsi Əfqan Orucov çıxışında 31 mart hadisələrinə beynəlxalq münasibətlər kontekstində yanaşaraq bildirib ki, həmin dövrdə baş verənlər regionda geosiyasi maraqların toqquşmasının nəticəsi idi. O qeyd edib ki, bu hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət prioritetlərinin formalaşmasına təsir göstərmişdir.

Odlar Yurdu Universitetinin Təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Adil Şiriyev çıxışında vurğulayıb ki, 1918-ci ilin mart hadisələri qanla yazılmış tarixdir və minlərlə azərbaycanlının həyatına son qoyulmuşdur. O qeyd edib ki, bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın borcudur.

Sonda Odlar Yurdu Universitetinin Filologiya ixtisasının tələbəsi Nigar İsmayılova çıxış edərək bildirib ki, 31 mart hadisələri yalnız tarixi fakt deyil, həm də ədalət məsələsidir. O vurğulayıb ki, bu faciə dünya ictimaiyyətinə çatdırılmalı və tarixi həqiqətlər daim qorunmalıdır.

Tədbirin sonunda qeyd olunub ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin iz qoymuş faciələrdən biridir və bu tarix hər zaman ehtiramla yad edilməlidir. Gənc nəslin bu tarixi unutmaması, milli birlik və həmrəyliyin qorunması isə gələcəyin əsas təminatlarından biri kimi dəyərləndirilib.