Odlar Yurdu Universitetində “Koqnitiv və emosional zəkanın təhsilin keyfiyyətində rolu” mövzusunda maarifləndirici təqdimat keçirilib.
Təqdimat Beynəlxalq təlimçi, təhsil eksperti Ləman Əhmədova tərəfindən aparılıb. Təlimçi çıxışı zamanı iştirakçılara mövzu ilə bağlı suallar ünvanlayıb, müəllimlər isə bu suallar ətrafında fikir mübadiləsi apararaq aktiv müzakirələrdə iştirak ediblər.
Çıxış zamanı qeyd olunub ki, müasir təhsil sistemində yalnız intellektual göstəricilər deyil, eyni zamanda emosional zəka da mühüm rol oynayır. Bildirilib ki, IQ insanın məntiqi düşünmə və problem həll etmə bacarıqlarını ölçdüyü halda, emosional zəka fərdin öz və başqalarının emosiyalarını anlama və idarə etmə qabiliyyətini əhatə edir.
Tədbirdə vurğulanıb ki, tədris prosesində emosional faktorlar öyrənmənin effektivliyinə birbaşa təsir göstərir. Qeyd edilib ki, öyrənmə prosesi hiss orqanları vasitəsilə məlumatın qəbul olunması ilə başlayır və müxtəlif beyin strukturlarında emal olunaraq uzunmüddətli yaddaşa ötürülür.
Təqdimatda həmçinin fərdi öyrənmə tipləri barədə məlumat verilib. Bildirilib ki, hər bir insan fərqli üsullarla – vizual, auditor, kinestetik və verbal yollarla öyrənir və bu fərqliliklər tədris prosesində nəzərə alınmalıdır.
Bundan əlavə, müəllim-şagird münasibətlərinin keyfiyyətinə təsir edən amillər – yaxınlıq, göz təması, bədən dili və müsbət emosional mühitin yaradılması kimi faktorların əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirin sonunda qeyd olunub ki, emosional zəkanın inkişaf etdirilməsi təhsilin keyfiyyətinin artırılmasında əsas amillərdən biridir və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.