Odlar Yurdu Universitetində “OYU GAMEDEV PROGRAM” start götürür

06 Aprel, 2026

251
Odlar Yurdu Universitetində “OYU GAMEDEV PROGRAM” start götürür

Odlar Yurdu Universiteti tələbələri üçün oyun sənayesinə giriş imkanı yaradan yeni təhsil təşəbbüsü — “OYU GAMEDEV PROGRAM” elan olunur. Proqram Xsolla, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, IGDA Azerbaijan və Nomadman Studio-nun birgə əməkdaşlığı ilə həyata keçirilir.

6 həftə davam edəcək proqram iştirakçılara oyun tərtibatının əsas istiqamətləri üzrə praktiki bilik və bacarıqlar qazandırmağı hədəfləyir. Təlim proqramı ümumilikdə 18 dərs və yekunda keçiriləcək intensiv “BOOTCAMP” oyun hakatonundan ibarətdir.

Proqram çərçivəsində iştirakçılar aşağıdakı istiqamətlər üzrə biliklərini inkişaf etdirəcəklər:

Game Design — oyun mexanikalarının qurulması, ideya inkişafı və gameplay prinsipləri

Game Art — 3D modelləşdirmə və vizual dizayn

Game Development — “Unity” və “Unreal Engine” mühərrikləri ilə proqramlaşdırma

Aprel–may aylarını əhatə edən proqram tamamilə ödənişsizdir və hibrid formatda keçiriləcək. Təlimlərin bir hissəsi şənbə günləri universitetdə, digər hissəsi isə tələbələrin akademik dərs cədvəlinə uyğun olaraq onlayn şəkildə təşkil olunacaq. Proqram müddətində iştirakçıların davamiyyəti mütəmadi olaraq izləniləcək.

Proqramın yekun mərhələsi olaraq 26–28 may tarixlərində 3 günlük “BOOTCAMP” təşkil olunacaq. Bu mərhələdə iştirakçılar komandalar şəklində real oyun prototipləri hazırlayıb təqdim edəcəklər. Hakaton çərçivəsində ən yüksək nəticə göstərən komandalar arasında ümumilikdə 16,000 ABŞ dolları məbləğində mükafat fondu bölüşdürüləcək.

Proqramı uğurla tamamlayan bütün iştirakçılara Odlar Yurdu Universiteti və tərəfdaş qurumların imzasını daşıyan rəsmi sertifikat təqdim ediləcək. Bu sertifikat oyun sənayesində karyeraya başlamaq istəyən tələbələr üçün mühüm üstünlük hesab olunur.

Qeyd edək ki, proqramda iştirak yalnız Odlar Yurdu Universiteti tələbələri üçün nəzərdə tutulub.

Əlavə məlumat və qeydiyyat üçün:

docs.google.com/forms

 

 Odlar Yurdu Universiteti
İctimaiyyətlə əlaqələr şöbəsi

+994 55 465 85 27