Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının Biologiya ixtisası üzrə təhsil alan IV kurs, 846-cı qrup tələbələrinin istehsalat təcrübəsi uğurla təşkil olunmuş və hazırda davam etdirilir.
Təcrübə proqramı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi PHŞ, Pirallahı Tibb Mərkəzi PHŞ, eləcə də digər ixtisaslaşmış tibb və laboratoriya müəssisələrində həyata keçirilir. Bu müəssisələrdə tələbələr real iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə edir, nəzəri biliklərini praktik fəaliyyətə tətbiq edirlər.
İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin akademik biliklərini praktik müstəvidə möhkəmləndirmək, müasir laborator diaqnostika üsullarını mənimsətmək və onların peşəkar bacarıq və vərdişlərinin formalaşdırılmasına dəstək olmaqdır. Təcrübə müddətində tələbələr laborator analizlərin aparılması, tibbi müayinələrin müşahidəsi və müxtəlif diaqnostik proseslərdə iştirak edərək sahə üzrə ilkin peşə təcrübəsi qazanırlar.
Tələbələrin istehsalat təcrübəsinə elmi-metodiki rəhbərlik Biologiya və Ekologiya kafedrasının müəllimi Səfərova Münəvvər tərəfindən həyata keçirilir. Rəhbərlik çərçivəsində tələbələrin fəaliyyəti mütəmadi izlənilir, onlara metodiki tövsiyələr verilir və praktiki biliklərinin daha da təkmilləşdirilməsi təmin olunur.
Qeyd edək ki, Odlar Yurdu Universitetində tələbələrin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyası məqsədilə istehsalat təcrübələrinə xüsusi önəm verilir və bu istiqamətdə mütəmadi olaraq müxtəlif tibb və elmi müəssisələrlə əməkdaşlıqlar genişləndirilir.