OYU məzunu biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

12 Aprel, 2026

74
OYU məzunu biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb

Odlar Yurdu Universitetinin məzunu Ərəbova Gültəkin Qara qızı elmi fəaliyyətində növbəti mühüm uğura imza ataraq biologiya elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

Gültəkin Ərəbova 2011-ci ildə Odlar Yurdu Universitetinin Biologiya müəllimliyi ixtisasına qəbul olmuş, 2015-ci ildə bakalavr təhsilini uğurla başa vurmuşdur. Daha sonra 2016–2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistratura səviyyəsində təhsil almışdır. O, 2019-cu ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi texnologiyası kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.

Elmi fəaliyyətini daha da inkişaf etdirən Gültəkin Ərəbova 2021-ci ildə AMEA Mikrobiologiya İnstitutunda doktorantura təhsilinə başlamışdır. O, 2025-ci ildə 2430.01 – Mikologiya ixtisası üzrə “Azərbaycanda yayılmış quru subtropik meyvə bitkilərinin mikobiotası və patogen növlərin ekofiziologiyası” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 mart 2026-cı il tarixli qərarı ilə ona biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Bu uğur Odlar Yurdu Universitetinin məzunlarının elmi və akademik sahədə əldə etdikləri nailiyyətlərin bariz nümunəsi olmaqla yanaşı, gənc tədqiqatçılar üçün də motivasiya mənbəyidir.