Odlar Yurdu Universitetində xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin büstü ziyarət olunmuş, gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra isə Odlar Yurdu Universitetinin rektoru və professor-müəllim heyəti universitet və kollec tələbələrinin yaradıcılıq sərgisi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılışı elan olunan tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, prorektorlar, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Tədbirin əvvəlində TGT-nın sədri Sevgiyyə Əliyeva tədbir iştirakçılarını salamlamış, məruzə etmişdir. Daha sonra isə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.
Tədbirdə OYU və OYK-nun tələbələri Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışmışlar.
Sonda çıxış üçün söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verilmişdir. O, çıxışında qeyd etmişdir ki, Ümumilli Liderin büstü ilk olaraq Odlar Yurdu Universitetində qoyulmuşdur. Həmçinin rektor qeyd etmişdir ki, məhz Heydər Əliyevin səyi və böyük xidmətləri nəticəsində gənc və müstəqil dövlət möhkəmlənərək XXI əsrə qədəm qoymuşdur. Onun uğurlu siyasəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilmişdir və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda professor Əhməd Vəliyev "İnşa-yazı", "Rəsm" və "Divar qəzeti" müsabiqələrində qalib gəlmiş komandaları və müsabiqə iştirakçılarını mükafatlandırmışdır.