Bakıdakı Rus Evində Odlar Yurdu Universitetinin İqtisadiyyat, Menecment və Biznes İnstitutunun, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və Ticarət nümayəndəliyinin, Rossotrudniçestvo-nun birgə təşkilatçılığı və dəstəyilə ölkəmizin elmi-ekspert ictimaiyyətinin tanınmış nümayəndələri, diplomatik korpus və KİV təmsilçilərinin iştirakı ilə müştərək tədbir keçirilmişdir.
Tədbir Azərbaycan və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi imkanlarına həsr olunmuşdur. Tədbirin moderatoru Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov olmuşdur.
Tədbirdə Rusiyanın tanınmış dövlət xadimi, dünya iqtisadiyyatı üzrə dərsliklərin müəllifi, Rusiya Federasiyası Parlamentinin sabiq sədri və Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının ilk sədri, professor Ruslan Xasbulatov, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət nümayəndəliyinin əməkdaşı Zəlimxan Qaysumov və b. məruzə etmişlər. Tədbir iştirakçıları Azərbaycan ilə Aİİ arasında regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi imkanları mövzusunda fikir mübadiləsi aparmışlar.