Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Odlar Yurdu Universitetinin Aparat rəhbəri, prorektorları, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.
Odlar Yurdu Universitetində tələbələr tərəfindən təqdim olunmuş tamaşa Qarabağ xanlarının varisi, şair Xurşidbanu Natəvana həsr olunmuşdu. Xalqın rifahı naminə əcdadlarından qalan mülkləri belə bu yolda sərf etməkdən çəkinməyən xan qızının keşməkeşli həyatı və yaradıcı fəaliyyəti tamaşada rəngarəng boyalarla əks etdirilmişdir. OYU-nun tələbələri məharətlərini nümayiş etdirərək, yaratdıqları obrazların daxili aləmini olduğu kimi tamaşaçılara çatdırmışlar.
Qeyd edək ki, Xurşidbanu Natəvana həsr olunan tədbir Şuşa ili çərçivəsində Odlar Yurdu Universitetində keçirilən silsilə tədbirlərin davamı idi.
Tamaşadan sonra çıxış edən prof. Rüstəm Kamal tamaşa ilə bağlı təəssüratlarını bölüşərək tələbələrə və təşkilatçılara öz minnətdarlığını bildirdi. R.Kamal tamaşanın gedişi əsnasında obrazların səmimiliyindən təsirləndiyini dilə gətirərək qeyd etdi ki, tələbələr sanki oynadıqları obrazın həyatını yaşayırdılar. R.Kamal çıxışında vurğuladı ki, Vətən müharibəsi nəticəsində Şuşanın işğaldan azad olunması ilə ədəbiyyatımızda kədərin ifadəsi olan qərənfil qələbənin rəmzi olan Xarı bülbüllə əvəz olundu.
Tədbirdə çıxış edən Filologiya və humanitar fənlər kafedrasının müdir müavini, dos. Osman Musayev öz çıxışında XIX əsrdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Qarabağ xanlığının və onun sonuncu varisi olan Xurşidbanu Natəvanın mövqeyindən, ədəbi fəaliyyətindən geniş söhbət açdı.
OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov da çıxışında maraqlı tamaşaya görə iştirak edən tələbələri və təşkilatçıları təbrik etdi. Prorektor Qabil Qafarov qeyd etdi ki, Odlar Yurdu Universitetində bu cür istedadlı tələbələrin olması və onların qabiliyyətlərinin aşkarlanması yönündə görülən işlər, hazırlanan tamaşalar təqdirəlayiqdir. Şuşanın Azərbaycan tarixində və mədəniyyətində xüsusi yerini xatırladan prorektor arzu etdi ki, bu tipli tədbirlərin davamı Şuşada, yaxın zamanda da Xankəndidə keçirilsin.