OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru ECAR layihəsinin Tədris işləri və keyfiyyətin təminatı üzrə komitəsinin ilk toplantısında iştirak etmişdi

28 Dekabr, 2022

OYU-nun Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru ECAR layihəsinin Tədris işləri və keyfiyyətin təminatı üzrə komitəsinin ilk toplantısında iştirak etmişdi

Bakı Biznes Universitetinin kordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Tədris işləri və keyfiyyət təminatı üzrə komitənin ilk iclası keçirilmişdir.Toplantı layihənin kordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində keçirilmişdir.
İclasda komitənin funksiyaları, idarə heyətinin və sədrinin seçilməsi qaydaları tərəfdaşlara təqdim edilmiş və onların rəyləri əsasında müvafiq düzəlişlər edilmişdir.
Toplantıda sədr müavini vəzifəsini tutmaq üçün səsvermə keçirilmişdir. Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov səs çoxluğu ilə Tədris işləri və keyfiyyətin təminatı üzrə komitənin sədr müavini vəzifəsinə seçilmişdir.
Komitənin ilk iclasında ERASMUS+ proqramının Azərbaycan Milli ofisinin direktoru Pərviz Bağırov da iştirakçı olmuş və layihənin işlərinə uğurlar arzulamışdır.
Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq universitetlər birliyi yaratmaq və bu vasitə ilə universitetlərarası milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qafarov Qabil Əmək fəaliyyətinə 2006-cı ildə “Azərsutikinti” ASC - də sədr köməkçisi olaraq başlayıb. 2007/2012-ci illərdə ASC-nin  Smeta, Layihə, İstehsalat və Sənaye şöbəsinin müdiri,    2012/2013-cü illərdə isə müəssisənin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2013-2015-ci illərdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində çalışıb. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində YAP mərkəzi Aparatının Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına göndərdiyi təqdimat əsasında ölkə Prezidenti cənab İlham Əliyevin seçki qərargahının üzvü seçilib. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən Odlar Yurdu Universitetində "Tədrisin təşkili və yeni təlim texnologiyaları" üzrə prorektor vəzifəsində çalışır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov Azərbaycan Turizm İnstitutunun (ATİ) Tədqiqat və inkişaf şöbəsinin(BMTİP layihəsi olaraq) qurulmasında, ölkədə ilk ikili diplom proqramı olan Avstriya-Azərbaycan Turizm Proqramının (AATP) uğurlu həyata keçirilməsində, BMTİP, GİZ,BMU, IUCH/POSC, GFA, ATİB, Almaniyanın Ekologiya Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. qurumların sifarişi ilə 20-dən çox müxtəlif tədqiqat və inkişaf layihələri həyata keçirməsində birbaşa iştirak etmişdir. Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının yaradılmasında, 2020-ci ildə ali təhsil və 2021-ci ildə orta ixtisas təhsil səviyyəsi üzrə dövlət təhsil proqramlarının hazırlanmasında, Avropa İttifaqının tvinninq layihəsi çərçivəsində pilot təhsil proqramlarının hazırlanmasında, pedaqoji internatura təcrübəsinin öyrənilməsində və Aİ, UNİCEF-in dəstəyi ilə Regional İnkişaf İctimai Birliyinin icra etdiyi İnkluziv təhsil layihəsinin və təhsillə bağlı bir çox yerli və beynəlxalq layihələrin uğurla həyata keçirilməsində müstəsna işlər görmüşdür. Eldar Aslanov Almaniya Hökumətinin təqaüd proqramının, ABŞ Dövlət Departamentinin IVLP Proqramının iştirakçısı olmuş, 2015-ci il tarixində “Fəxri Turizm İşçisi” adını almışdır. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunmuşdur.

Tədris işləri üzrə prorektor, f.f.d., dos. Nigar Rüstəmova. Fəaliyyəti dövründə ADMİU-nun Elmi Şurasının elmi katibi, Dissertasiya Şurasının elmi katibi, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti kimi Milli Məclisin III, IV, V çağırışlarında təhsil və elm sahələrində qəbul edilən qanunların hazırlanmasında yaxından iştirak etmişdir. Elm haqqında, Məktəbəqədər təhsil haqqında, Peşə təhsili haqqında, Ümumi təhsil haqqında qanunların, Təhsil qanununa edilən dəyişikliklər və digər sənədlərin hazırlanması zamanı təhsil qanunvericiliyinə aid mütərəqqi dünya təcrübəsindən faydalanmaq məqsədi ilə bir çox xarici universitet və beynəlxalq təhsil qurumları ilə əməkdaşlıq etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rektorunun tədrisdə innovasiyalar üzrə müşaviri vəzifəsində çalışaraq, universitetin Avropa təhsil məkanına daha sürətlə inteqrasiya olunması, əmək bazarında tələb edilən yeni ixtisasların açılması, beynəlxalq təhsil proqramlarının yaradılması və s. məsələlərlə bağlı təkliflər hazırlamışdır. Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində təşkil edilən müxtəlif layihələrin iştirakçısıdır.