OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.f.d. Könül Həsənovanın elmi-metodiki seminarı keçirilmişdir

30 Dekabr, 2022

OYU-nun Filologiya və humanitar fənlər kafedrasının müəllimi, fil.f.d. Könül Həsənovanın elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Filologiya və Humanitar fənlər kafedrasının müəllimi, fil.f.d. Könül Həsənovanın “Əhməd Cavad və dilimizin saflığının qorunması məsələsi” mövzusunda elmi-metodiki seminarı keçirilmişdir.
İlk öncə XX əsrin əvvəllərində dil məsələsi probleminə toxunaraq, bu dövrdə dilimizin yad təsirlərə məruz qalmasından danışıldı. Demokratik ziyalılar xalq maarifi uğrunda mübarizəni xalqı maarifləndirməyin ən güclü silahı olan milli dil uğrunda, Azərbaycan dilinin saflığı və inkişafı uğrunda mübarizə ilə əlaqələndirildi.
Könül xanım öz yaradıcılığı ilə çoxsaylı Azərbaycan ziyalıları içində seçilən, Türk dünyasında özünəməxsus yaradıcılıq məktəbi olan Əhməd Cavadın yaradıcılığına toxundu. O bildirdi ki, Ə. Cavad öz şeirlərində danışıq dilimizə münasibətini, yazarların dilində yad ünsürlərin güclü təsirinin, buna aludəçiliyin artdığını göstərməkdən çəkinmir, dilimizim saflığı uğrunda açıq mübarizədən qorxmurdu.
Seminarda kafedranın müdir müavini, dos. Osman Musayev və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.
Məruzə ətrafında geniş və maraqlı müzakirələr aparılmış, elmi seminarın rəhbəri, professor Rüstəm Kamal yekun nitqi söyləmişdir.